Hörmüz boğazında davam edən gərginlik beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalır. NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqonenin alyans ölkələrinin hərbi qüvvələrini bölgəyə yaxınlaşdırdıqları barədə açıqlaması Yaxın Şərqdə vəziyyətin daha da mürəkkəbləşə biləcəyi ilə bağlı ehtimalları artırıb. Dünyanın enerji təchizatında mühüm rol oynayan Hörmüz boğazında baş verən proseslər həm iqtisadi, həm də siyasi baxımdan qlobal əhəmiyyət daşıyır.
Real Televiziyasının efirində çıxış edən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, NATO ölkələrinin bölgəyə marağının artmasının əsas səbəblərindən biri enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlardır: “Münaqişənin ilk günlərində Qərb ölkələri proseslərə birbaşa müdaxilə etmək istəmirdilər. Lakin Hörmüz boğazında yaranmış vəziyyət dünya enerji bazarına təsir göstərməyə başlayıb. Əgər boğaz uzun müddət bağlı qalarsa və ya beynəlxalq gəmiçiliyin fəaliyyəti məhdudlaşarsa, bu halda yeni hərbi əməliyyatların keçirilməsi ehtimalı da artır. Çünki enerji marşrutlarının təhlükəsizliyi Qərb dövlətləri üçün strateji əhəmiyyət daşıyır”.
Əhməd Şahidov qeyd edib ki, İran son dövrlərdə hərbi potensialını, xüsusilə də havadan müdafiə imkanlarını gücləndirmək istiqamətində ciddi addımlar atır: “ABŞ-a məxsus F-15 qırıcı təyyarəsinin İran səması üzərində vurulması göstərir ki, Tehran yeni texnoloji imkanlardan istifadə etməyə başlayıb. Çin istehsalı olan müasir havadan müdafiə sistemlərinin tətbiqi ilə bağlı məlumatlar da bu ehtimalları gücləndirir. Bu isə onu göstərir ki, İran ətrafında baş verən proseslərdə böyük güclərin maraqları daha açıq şəkildə üzə çıxır və münaqişənin coğrafiyası genişlənə bilər”.
Siyasi şərhçinin sözlərinə görə, hazırda diplomatik kanallar fəaliyyət göstərsə də, hərbi ssenarilər masa üzərində qalmaqdadır: “Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar davam edir. Hələlik tərəflər arasında ortaq mövqe formalaşmayıb. Bununla yanaşı, hər hansı insident və ya qarşılıqlı hücum vəziyyətin sürətlə dəyişməsinə səbəb ola bilər. Ona görə də həm diplomatik proseslər, həm də mümkün hərbi planlar paralel şəkildə davam etdirilir və regionda vəziyyət hər an yeni mərhələyə keçə bilər”.






