Misirin nüfuzlu Al Qahera Televiziyasında Yaponiya–Mərkəzi Asiya münasibətləri və regionun artan geosiyasi əhəmiyyətinə həsr olunmuş debat proqramı keçirilib. Verilişdə ABŞ–Mərkəzi Asiya Sammitindən sonra bölgəyə beynəlxalq marağın güclənməsi, Mərkəzi Asiya uğrunda Qərb, Çin və Rusiya arasında gedən rəqabət, eləcə də Yaponiyanın bu proseslər fonunda strateji mövqeyinin möhkəmlənməsi əsas müzakirə mövzuları olub.
Debatda Tokiodan Daşkənd Universitetinin professoru Kazuşi Yamamoto, Bakıdan isə siyasi şərhçi Əhməd Şahidov qonaq qismində iştirak ediblər. Müzakirələr zamanı Mərkəzi Asiyanın qlobal güclərin diqqət mərkəzinə çevrilməsi, region ölkələrinin çoxşaxəli xarici siyasət axtarışları və Orta Dəhlizin Avrasiya məkanında artan strateji rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Əhməd Şahidov çıxışında bildirib ki, Mərkəzi Asiya artıq yalnız regional deyil, qlobal miqyasda geosiyasi balansı formalaşdıran mühüm məkan kimi çıxış edir. Onun sözlərinə görə, ABŞ–Mərkəzi Asiya Sammitindən sonra Qərbin regiona yanaşması daha sistemli xarakter alıb və bu fonda Çinlə Qərb arasında təsir uğrunda rəqabət açıq şəkildə hiss olunur.
Əhməd Şahidov qeyd edib ki, Yaponiyanın Mərkəzi Asiyaya artan marağı da məhz bu yeni geosiyasi reallığın nəticəsidir və Tokyo regionu həm enerji təhlükəsizliyi, həm də Avrasiya bağlantılarında etibarlı alternativ tərəfdaş kimi dəyərləndirir. O, eyni zamanda Mərkəzi Asiya ölkələrinin balanslı və praqmatik xarici siyasət yürütməyə çalışdığını, Orta Dəhlizin bu strategiyada mühüm yer tutduğunu və Türkiyənin türk dilli, müsəlman ölkələrlə mədəni-siyasi yaxınlığının regionda ayrıca təsir amilinə çevrildiyini vurğulayıb.




