ABŞ Dövlət Departamentində xarici media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib

ABŞ Dövlət Departamentinin Vaşinqton Xarici Mətbuat Mərkəzi tərəfindən sentyabrın 2-də illik qəbul tədbiri keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrini və media qurumlarını təmsil edən jurnalistlər, Foreign Press Center əməkdaşları və ABŞ Dövlət Departamentinin müxtəlif strukturlarının nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində jurnalistlər arasında, eləcə də media nümayəndələri ilə Dövlət Departamentinin əməkdaşları arasında fikir mübadiləsi aparılıb.

Vaşinqtonda fəaliyyət göstərən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov da tədbirdə yaxından iştirak edib. O, görüş zamanı ABŞ Dövlət Departamentinin fəaliyyəti, beynəlxalq gündəmdə baş verən son proseslər, jurnalistlərin ABŞ-da və beynəlxalq müstəvidə fəaliyyəti, eləcə də media-dövlət münasibətləri ilə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Əhməd Şahidov tədbir çərçivəsində ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommy Pigott ilə də ayaqüstü görüşərək söhbət edib. Görüş zamanı Dövlət Departamentinin gündəlik brifinqləri, həmin brifinqlərdə səsləndirilən mesajlar və ABŞ-ın xarici siyasətinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı söhbət zamanı beynəlxalq proseslərin media vasitəsilə işıqlandırılması və ABŞ-ın xarici siyasət gündəminin jurnalistlər üçün əhəmiyyəti də müzakirə olunub.