Varşava şəhərində səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Pakistanın Polşadakı səfiri Zati-aliləri Mühəmməd Sami ilə səmimi görüş keçirib.
Görüş zamanı Azərbaycan və Pakistan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri müzakirə olunub. Tərəflər iki ölkəni birləşdirən ortaq dəyərlər, tarixi bağlar və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Əhməd Şahidov Pakistanın beynəlxalq arenada haqq səsinin daha geniş eşidilməsi istiqamətində görülən işlərdən danışaraq, bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda Azərbaycan və Pakistanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədiyini xatırladıb.
Səfir Mühəmməd Sami isə iki qardaş ölkə arasında dostluğun dövlətlərarası münasibətlərin fövqündə dayanaraq xalqların səmimi sevgisi üzərində qurulduğunu bildirib və gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda Əhməd Şahidov səfirə səmimi qəbula və qardaş münasibətə görə təşəkkür edib, Pakistan xalqına rifah və uğurlar arzulayıb.
Tərəflər bir daha vurğulayıblar ki, Azərbaycan-Pakistan dostluğu əbədi və sarsılmazdır.


