Əhməd Şahidov Vaşinqtonda Pakistanın ABŞ-dakı səfiri Rizwan Saeed Sheikh ilə görüşüb

Hazırda Vaşinqtonda səfərdə olan hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Pakistan İslam Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Rizwan Saeed Sheikh ilə görüşüb. Görüş zamanı Azərbaycan və Pakistan arasında dövlət və hökumətlər səviyyəsində, eləcə də xalqlar arasında uzun illərə dayanan tarixi dostluq və qardaşlıq münasibətləri, iki ölkə arasındakı strateji tərəfdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Söhbət zamanı, həmçinin Cənubi Asiyada mövcud vəziyyət, xüsusilə Cammu və Kəşmir bölgəsindəki son proseslər, eləcə də Hind çayının su ehtiyatlarının bölüşdürülməsi və istifadəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əhməd Şahidov səfirə səmimi qəbula və görüşə ayırdığı vaxta görə təşəkkürünü bildirib, Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, beynəlxalq platformalarda, xüsusilə ATƏT və Avropa Şurası çərçivəsində fəaliyyəti zamanı Azərbaycanın milli maraqlarının və haqq səsinin müdafiəsi ilə yanaşı, Azərbaycanın qardaş və strateji tərəfdaşı olan Pakistanın da qanuni maraqlarına və ədalətli mövqeyinə hər zaman dəstək verib. O bildirib ki, bundan sonra da beynəlxalq təşkilatlarda Pakistanın haqq səsinin çatdırılması və Azərbaycan–Pakistan qardaşlıq münasibətlərinin təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək.