2026-cı il oktyabrın 20-23-də Polşanın paytaxtı Varşavada NGO Leadership Workshop 2026 beynəlxalq təlim proqramı keçirilib. Vətəndaş cəmiyyəti təşkilatlarının rəhbər və nümayəndələri üçün nəzərdə tutulan dörd günlük seminar Slovakiyanın Hekima təşkilatının, ABŞ-ın Miçiqan Universitetinin nəzdindəki Weiser Center for Europe and Eurasia və William Davidson Institute qurumlarının birgə təşkilatçılığı ilə baş tutub. Dəvət əsasında seçilmiş iştirakçıların qatıldığı proqramda müxtəlif ölkələrdən tanınmış QHT nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Beynəlxalq tədbirdə hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov da iştirak edib. O, müxtəlif ölkələrdən gəlmiş vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gələrək beynəlxalq təcrübə mübadiləsində iştirak edib, QHT sektorunun qarşısında duran aktual məsələlər ətrafında müzakirələrə qatılıb.
Dörd günlük proqram çərçivəsində liderlik və təşkilati inkişaf, süni intellektin QHT-lərin fəaliyyətində tətbiqi, vəsaitlərin cəlb edilməsi, kommunikasiya və təşkilati idarəetmə, təsirin ölçülməsi və strateji qərarvermə kimi mövzular əhatə olunub. İştirakçılar süni intellekt vasitəsilə donorların müəyyənləşdirilməsi, qrant müraciətlərinin hazırlanması, layihələrin planlaşdırılması və sosial media strategiyalarının təkmilləşdirilməsi üzrə praktiki biliklər əldə ediblər.
Təlimlər Miçiqan Universitetinin William Davidson Institute institutunu təmsil edən beynəlxalq ekspertlər Julie Felker, Driart Elshani və Heather Esper tərəfindən keçirilib. Sessiyalar zamanı iştirakçılar şəxsi liderlik keyfiyyətlərinin inkişafı, təşkilatlarda etimad və effektiv kommunikasiya mühitinin yaradılması, nəticəyönümlü idarəetmə və QHT-lərin sosial təsirinin qiymətləndirilməsi istiqamətində interaktiv müzakirələrdə və praktiki məşğələlərdə iştirak ediblər.
Əhməd Şahidovun Varşavada keçirilən beynəlxalq seminarda iştirakı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin beynəlxalq platformalarda təmsil olunması, qabaqcıl idarəetmə təcrübələrinin öyrənilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Proqramın sonunda iştirakçılara təlimi uğurla başa vurmalarını təsdiq edən sertifikatlar təqdim olunub.














