Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni nümayəndələrin iddialarına sərt cavab verib

9 oktyabr 2026-cı il tarixində ATƏT-in Varşava toplantısında “Hüququn aliliyi: Məhkəmələrin müstəqilliyi, ədalətli mühakimə hüququ və demokratik qanunvericilik” mövzusuna həsr olunmuş plenar sessiya keçirilib.

İclas zamanı Ermənistandan olan bəzi nümayəndələr və revanşist təmsilçilər Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirərək, Azərbaycanda məhkəmələrin müstəqil olmadığını iddia edib və həbsdə olan erməni əsilli şəxslərin siyasi və vicdan məhbusu olduqlarını bildiriblər.

Bu qərəzli çıxışlara cavab olaraq söz alan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov sərt və faktlara əsaslanan mövqe nümayiş etdirib. O qeyd edib ki, ötən günlər ərzində ATƏT platformasından Azərbaycanın ünvanına səsləndirilən bu cür fikirlər həqiqəti əks etdirmir və məsələni siyasiləşdirməyə xidmət edir.

Əhməd Şahidov xüsusilə vurğulayıb ki, Azərbaycanda mühakimə olunan Arkadi Quqasyan, Bako Saakyan, Arayik Arutyunyan və digər şəxslər 44 günlük müharibədə və sonrakı dövrdə Azərbaycan xalqına və dövlətinə qarşı hərbi, sülh və insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxslərdir. Onların siyasi yaxud vicdan məhbusu kimi təqdim olunması qətiyyən yolverilməzdir.

Şəxsi müşahidələrinə istinad edən hüquq müdafiəçisi həmin şəxslərin məhkəmə proseslərində birbaşa iştirak etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquqları tam təmin olunub, onlar peşəkar vəkillər və tərcüməçilərlə təmin ediliblər, ailələri ilə telefon və video bağlantı vasitəsilə mütəmadi əlaqə saxlayıblar və ən əsası məhkəmə prosesləri ictimaiyyət üçün tam açıq şəkildə keçirilib.