İyunun 22-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yay Sessiyası öz işinə başlayıb. İyunun 26-dək davam edəcək sessiyada demokratiya, insan hüquqları, süni intellekt, media azadlığı, miqrasiya və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq. Sessiyanın gündəliyinə Azərbaycanla bağlı ayrıca dinləmələr də daxil edilib və bu müzakirələr zamanı ölkədə insan hüquqları, demokratiya, söz azadlığı və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı tənqidi çıxışların səslənəcəyi gözlənilir.
Strasburqda keçirilən sessiyanı izləyən hüquq müdafiəçisi və jurnalist Əhməd Şahidov bildirib ki, Azərbaycanla bağlı müzakirələr fonunda Avropa institutlarında uzun illər davam edən ikili standartlar da diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqları, eləcə də azərbaycanlı əsir və girovların taleyi Avropa platformalarında bugünkü səviyyədə müzakirə edilmirdi.
Əhməd Şahidov qeyd edib ki, insan hüquqları və demokratiya ilə bağlı məsələlərin gündəmə gətirilməsi vacibdir, lakin bu prinsiplər bütün ölkələrə eyni yanaşma ilə tətbiq olunmalıdır: “Əgər insan hüquqları universaldırsa, bu prinsiplər siyasi maraqlardan və geosiyasi yanaşmalardan asılı olmamalıdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi Avropanın enerji təhlükəsizliyində və regional sabitliyin təmin olunmasında mühüm rol oynayır. Ona görə də AŞPA-da Azərbaycanla bağlı keçiriləcək müzakirələr həm ölkəmizdə, həm də bütövlükdə regionda diqqətlə izlənilir.”


