Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yay Sessiyasının ikinci günü Azərbaycanla bağlı müzakirələr diqqət mərkəzindədir. Sessiyanın gündəliyinə Azərbaycanda insan hüquqları, demokratiya, söz azadlığı və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı dinləmələr daxil edilib və bir sıra deputatların Azərbaycana yönəlik tənqidi çıxışlar edəcəyi gözlənilir.
Hazırda Strasburqda olan və müzakirələri yaxından izləyən siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, AŞPA növbəti dəfə Azərbaycana münasibətdə qərəzli yanaşma nümayiş etdirir. Onun sözlərinə görə, Avropa Şurası Azərbaycanın ərazilərinin otuz ilə yaxın işğal altında qaldığı dövrdə Qarabağ məsələsini lazımi səviyyədə gündəmə gətirməyib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı ardıcıl müzakirələr aparmayıb.
Əhməd Şahidov qeyd edib ki, Ermənistanın işğal siyasətinə qarşı ciddi siyasi təzyiqlər göstərməyən və bu məsələdə prinsipial mövqe ortaya qoymayan AŞPA-nın bu gün Azərbaycanda insan hüquqları və demokratiya məsələlərini ön plana çıxarması ikili standartların növbəti nümunəsidir. Hüquq müdafiəçisinin fikrincə, Azərbaycan nümayəndə heyətinin AŞPA-da təmsil olunmadığı bir vaxtda ölkəyə qarşı birtərəfli ittihamların səsləndirilməsi Assambleyanın obyektivliyinə və beynəlxalq nüfuzuna ciddi zərbə vurur.




