Avstriyanın paytaxtı Vyanada keçirilən ATƏT-in “Rəqəmsal dövrdə vətəndaş məkanının qorunması” adlı iki günlük əlavə insan ölçüsü toplantısı başa çatıb. Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov tədbirin yekunları ilə bağlı ayaqüstü videomüraciət yayıb. O, videoda ATƏT məkanında rəqəmsal təhlükəsizlik, süni intellekt, dezinformasiya və deepfake texnologiyalarının yaratdığı təhdidlərin geniş müzakirə olunduğunu bildirib.
Əhməd Şahidov videomüraciətində tədbirdəki çıxışı barədə də danışıb. O qeyd edib ki, üçüncü panel sessiyasında xaricdə yaşayan bəzi müxalif blogerlərin süni intellekt və deepfake texnologiyalarından istifadə etməklə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevin ailə üzvlərinə və ölkənin milli maraqlarına qarşı apardıqları saxta rəqəmsal təbliğat məsələsini qaldırıb. Hüquq müdafiəçisi beynəlxalq platformalarda bu cür təxribat xarakterli fəaliyyətlərə qarşı daha açıq və prinsipial mövqenin ortaya qoyulmasının vacibliyini vurğulayıb.
Videomüraciətin sonunda Əhməd Şahidov bundan sonra beynəlxalq platformalarda daha fəal fəaliyyət göstərəcəyini bildirib: “Azərbaycanın milli maraqlarını, dövlətimizin mövqeyini və xalqımızın haqq səsini beynəlxalq tədbirlərdə daha qətiyyətlə müdafiə etməliyik. Xaricdə yaşayan radikal müxalif dairələrin və blogerlərin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyalarına qarşı mübarizəmizi davam etdirəcəyik.”

