Cənubi Qafqazda sülh üçün imzalar Ağ Evdə atıldı – Əhməd Şahidov Türkiyənin Kanal24 Televiziyasına danışıb

8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtondakı Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında tarixi görüş keçirildi. Görüşün nəticəsində tərəflər arasında uzun illərdir davam edən münaqişəni siyasi yolla həll edən və yekun xarakter daşıyan sülh sazişi imzalandı. Bu sənəd Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni bir dövrün əsasını qoyur.

Diplomatik mənbələr bildirir ki, bu razılaşma daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Əbu-Dabidə aparılan intensiv danışıqların davamıdır. Vaşinqtondakı görüş isə həmin ilkin razılaşmaları rəsmiləşdirərək sülhün təminatı üçün konkret yol xəritəsini təsdiqlədi.

Donald Tramp administrasiyası bu nəticəni yalnız regional sabitlik baxımından deyil, həm də ABŞ-ın beynəlxalq vasitəçilik rolunun möhkəmlənməsi kimi dəyərləndirir. Ağ Ev rəsmilərinə görə, imzalanan saziş Azərbaycan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi və siyasi imkanlar yaradacaq.

Vaşinqtonda yaşayan siyasi şərhçi Əhməd Şahidov Türkiyənin Kanal24 Televiziyasına açıqlamasında bildirib ki, dünən imzalanan sənəd region üçün əsl tarixi dönüş nöqtəsidir:
“Bu, sadəcə diplomatik bir jest deyil, konkret nəticələr doğuracaq bir anlaşmadır. Donald Tramp bu prosesi şəxsi siyasi iradəsi ilə idarə etdi və məqsədi yalnız iki ölkə arasında sülh yaratmaq deyildi. Bu addım həm ABŞ-ın qlobal vasitəçi mövqeyini gücləndirəcək, həm də bölgədə uzunmüddətli sabitlik üçün möhkəm zəmin yaradacaq.”

Əhməd Şahidovun sözlərinə görə, imzalanan sənəd yalnız münaqişənin sona çatması ilə məhdudlaşmır:
“Razılaşma; iqtisadi əməkdaşlıq, sərhədlərin açılması, nəqliyyat və enerji dəhlizlərinin bərpası, humanitar əlaqələrin canlandırılması kimi məsələləri də əhatə edir. Bu isə region ölkələrinin iqtisadi inteqrasiyasına, yeni ticarət yollarının açılmasına və insanların sərbəst gediş-gəlişinə geniş imkanlar yaradacaq.”

Əhməd Şahidov əlavə edib ki, Vaşinqtondakı diplomatik dairələr bu tarixi uğuru yüksək qiymətləndirir və sülhün qalıcı olması üçün prosesə dəstəklərini davam etdirəcəklər.