AŞPA-nın yay sessiyası bugün başa çatır – Əhməd Şahidov Strasburqdan şərh edir


İyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il yay sessiyası öz işini başa vurub. Beş gün davam edən plenar iclaslar çərçivəsində Avropanın gündəmində olan bir sıra mühüm siyasi və humanitar məsələlər müzakirə edilib, müxtəlif dinləmələr keçirilib və qətnamələr qəbul olunub. Sessiyanın yekunları ilə bağlı hüquq müdafiəçisi Əhməd Şahidov Strasburqdan video müraciət yayımlayaraq həftə ərzində baş verən prosesləri dəyərləndirib.

Əhməd Şahidov bildirib ki, AŞPA-nın yay sessiyasında Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, Ukraynada davam edən müharibə, demokratiya və insan hüquqları, miqrasiya, gender bərabərliyi, media azadlığı, Avropada hüququn aliliyi və digər aktual mövzular geniş müzakirə olunub. Sessiya çərçivəsində Azərbaycanla bağlı ayrıca dinləmələr keçirilib, rəsmi Bakı əleyhinə qətnamə qəbul edilib, həmçinin 25 deputatın imzası ilə Azərbaycana qarşı yazılı deklarasiya da yayılıb.

Hüquq müdafiəçisi qeyd edib ki, Avropa Şurası məkanında təhlükəsizlik, insan hüquqları və demokratik institutların fəaliyyəti əsas prioritetlər olaraq qalır. Bununla yanaşı, Azərbaycanın beynəlxalq platformalarda üzləşdiyi qərəzli yanaşmalar və dezinformasiya kampaniyaları Azərbaycanın bu təşkilatlarla işini daha peşəkar və sistemli şəkildə qurmasını zəruri edir.

Əhməd Şahidov vurğulayıb ki, Qarabağ münaqişəsinin başa çatmasına baxmayaraq, informasiya və diplomatik müstəvidə Azərbaycana qarşı hibrid müharibə davam edir. Onun sözlərinə görə, dövlət qurumları, media, vətəndaş cəmiyyəti və diaspor təşkilatları beynəlxalq platformalarda daha koordinasiyalı fəaliyyət göstərməli, Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə ardıcıl və əsaslandırılmış şəkildə çatdırılmalıdır.