Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycan əleyhinə qəbul edilən qətnamə beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı hüquq müdafiəçisi Əhməd Şahidov Real Televiziyasına müsahibə verərək AŞPA-da baş verən prosesləri şərh edib və Assambleyanın Azərbaycana münasibətini qiymətləndirib.
Əhməd Şahidov bildirib ki, AŞPA-nın son qərarı təşkilatın Azərbaycana münasibətdə uzun illərdir tətbiq etdiyi ikili standartların davamıdır: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra belə ölkəmizə qarşı qərəzli yanaşmalar davam edir. Təəssüf ki, Assambleyada bəzi siyasi qruplar və lobbi dairələri reallıqları deyil, siyasi sifarişləri əsas götürərək qərarlar qəbul etməyə çalışırlar.”
Hüquq müdafiəçisi Əhməd Şahidov vurğulayıb ki, Azərbaycanın bu cür təşəbbüslərə qarşı beynəlxalq platformalarda daha fəal və sistemli fəaliyyət göstərməsi vacibdir. Əhməd Şahidovun sözlərinə görə, informasiya müharibəsi və dezinformasiya kampaniyalarına qarşı dövlət qurumları, media, vətəndaş cəmiyyəti və diaspor təşkilatları koordinasiyalı şəkildə çalışmalı, Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyətə ardıcıl və peşəkar formada çatdırılmalıdır.


