Rusiya-Ukrayna müharibəsi Avropadan Asiyaya qədər bütün dünyaya zərər vurur – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində yeni diplomatik təşəbbüslər gündəmdədir. Hindistan Rusiya və Ukrayna arasında enerji infrastrukturlarına hücumların dayandırılması, Qara dənizdə taxıl və enerji daşımalarının təhlükəsizliyinin təmin olunması, həmçinin kommersiya gəmilərinə qarşı hücumların dayandırılmasını nəzərdə tutan üç bəndlik atəşkəs təklifi irəli sürüb. Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Hindistanın təşəbbüsünü və Nyu-Dehlinin sülh prosesinə töhfə vermək istəyini müsbət qarşıladığını bildirib.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq iki ölkənin və ya yalnız Avropanın problemi olmaqdan çıxıb, onun mənfi təsirləri Avropadan Asiyaya qədər geniş coğrafiyada hiss olunur. Onun sözlərinə görə, müharibə enerji və ərzaq təhlükəsizliyinə, beynəlxalq ticarətə, nəqliyyat marşrutlarına və qlobal iqtisadi sabitliyə ciddi zərbə vurur: “Bu müharibənin uzanması artıq bütün ölkələr üçün əlavə risklər yaradır. Qara dənizdə kommersiya gəmilərinin təhlükəsizliyi, enerji infrastrukturuna zərbələr və taxıl daşımalarının pozulması göstərir ki, münaqişənin coğrafi təsirləri döyüş meydanından çox-çox kənara çıxıb”.

Əhməd Şahidov qeyd edib ki, Hindistanın təşəbbüsü müsbət diplomatik siqnal olsa da, yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsində tam sülhə nail olmaq şansı demək olar ki, sıfıra bərabərdir. Onun fikrincə, tərəflərin fundamental mövqeləri hələ də bir-birindən çox uzaqdır və indiki mərhələdə daha real ssenari genişmiqyaslı sülh sazişindən əvvəl məhdud və mərhələli atəşkəs razılaşmalarının əldə olunmasıdır: “Əgər enerji obyektlərinin, limanların və kommersiya gəmilərinin təhlükəsizliyi təmin edilə bilsə, bu, tərəflər arasında etimadın formalaşması üçün ilk addım ola bilər. Lakin bu gün üçün yekun sülh sazişinin yaxın perspektivdə əldə olunacağını söyləmək real deyil”.