Moskva və Kiyev arasında sülhə nə mane olur? – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik fəallıq davam edir. ABŞ Prezidenti Donald Trampın enerji obyektlərinə hücumların dayandırılması təşəbbüsü, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları və Ukraynada seçkilərin keçirilməsi ilə bağlı müzakirələr beynəlxalq gündəmin əsas mövzularındandır. Lakin tərəflər arasında mövqelərin fərqli olması müharibənin dayandırılması istiqamətində ciddi çətinliklər yaradır.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, atəşkəs təşəbbüslərinin nəticə verməməsinin əsas səbəblərindən biri Rusiya ilə Ukrayna arasında qarşılıqlı etimadın olmamasıdır. Onun sözlərinə görə, enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı bəyanatlar konkret öhdəliklər və nəzarət mexanizmləri ilə müşayiət olunmalıdır. Əhməd Şahidov qeyd edib ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar Moskvanın hərbi imkanlarına uzunmüddətli təzyiq göstərə bilər, lakin bu tədbirlərin effektivliyi onların necə icra olunmasından asılıdır.

Siyasi şərhçi vurğulayıb ki, Ukraynada seçkilərin keçirilməsi üçün təhlükəsizlik şəraiti təmin edilməli, demokratik prosesin legitimliyi qorunmalıdır. Onun fikrincə, ABŞ-ın vasitəçilik səyləri Rusiya-Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya bilər, ancaq davamlı sülhə nail olmaq üçün tərəflərin qarşılıqlı öhdəlikləri yerinə yetirməsi, Ukraynanın suverenliyinə və beynəlxalq hüquqa hörmət edilməsi vacibdir. Əhməd Şahidov hesab edir ki, müvəqqəti atəşkəs təşəbbüsləri yalnız konkret addımlarla dəstəkləndiyi halda daha geniş sülh razılaşmasına zəmin yarada bilər.