Əhməd Şahidov Pakistan Senatının sədri Yusif Rəza Gilani ilə görüşüb

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani 31 oktyabr tarixində ölkənin bir qrup media nümayəndəsi və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan İnsan Hüquqları və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov da iştirak edib.

Görüşdə çıxış edən Əhməd Şahidov Azərbaycan–Pakistan strateji tərəfdaşlığı, regional təhlükəsizlik və sülh təşəbbüsləri mövzularında fikirlərini bölüşüb.

O, qardaş Pakistan xalqına səmimi salamlarını çatdıraraq bildirib ki, Azərbaycan xalqı həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə Pakistandan gələn dəstəyi heç vaxt unutmayacaq.

Söhbət zamanı Pakistanın Əfqanıstanla sülh danışıqları, regionda sabitliyin qorunması və Kəşmir məsələsində beynəlxalq hüququn təmin olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Əhməd Şahidov çıxışında Pakistan hökumətinin ədalət və dialoq əsaslı siyasətini, eləcə də Senat sədri Syed Yusuf Raza Gilaninin demokratik dəyərlərə sədaqətini yüksək qiymətləndirib və bunları qeyd edib: “Mərhum Benazir Bhuttonun dediyi kimi, ‘Demokratiya ən gözəl intiqamdır’. Siz, Cənab Gilani bu fikri həyatda və siyasətdə əsl mənada gerçəkləşdirən liderlərdənsiz.”

Tərəflər həmçinin müdafiə əməkdaşlığı, humanitar diplomatiya və vətəndaş cəmiyyəti əlaqələrinin gücləndirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıblar.

Əhməd Şahidov əlavə edib ki, Azərbaycan və Pakistan təkcə dost deyil, əsl qardaş ölkələrdir və bu dostluq gələcəkdə daha da möhkəmlənəcək.

Görüş səmimi atmosferdə keçib və qarşılıqlı hörmət, birgə əməkdaşlıq ruhunda yekunlaşıb.