Gürcüstanın İmedi Televiziya kanalında yayımlanan “İmedis Kvira” – “İmedi həftəsi” ictimai-siyasi proqramında Azərbaycan-Gürcüstan münasibətləri və Cənubi Qafqazın geosiyasi əhəmiyyəti müzakirə olunub. Proqramın qonağı olan siyasi şərhçi Əhməd Şahidov Bakı-Tbilisi əməkdaşlığının regionun enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa üçün strateji əhəmiyyətindən danışıb.
Əhməd Şahidov bildirib ki, Azərbaycan və Gürcüstan son illərdə Cənubi Qafqazda ən sabit və praqmatik tərəfdaşlıq modelini formalaşdırıblar: “Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr regionun iqtisadi və geosiyasi xəritəsini dəyişdirib. Bu gün Azərbaycan qazı Gürcüstan üzərindən Avropa bazarlarına çatır və Gürcüstan Avropanın enerji təhlükəsizliyi üçün strateji tranzit tərəfdaşa çevrilib.” Siyasi şərhçi əlavə edib ki, Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycan-Gürcüstan əməkdaşlığını daha da vacib edir.
Əhməd Şahidov müsahibəsində Avropa İttifaqının regiona münasibətində müşahidə olunan ziddiyyətlərə də toxunub. O bildirib ki, Brüssel bir tərəfdən Azərbaycan və Gürcüstana enerji təhlükəsizliyi və nəqliyyat marşrutları baxımından ehtiyac duyur, digər tərəfdən isə bəzi Avropa dairələri region ölkələrinə qarşı selektiv yanaşma və ikili standartlar nümayiş etdirirlər: “Azərbaycan və Gürcüstan sadəcə enerji təchizatçısı və tranzit ölkə deyil, mürəkkəb geosiyasi mühitdə müstəqil siyasət yürüdən suveren dövlətlərdir. Müasir dünyada Avropa artıq anlayır ki, Azərbaycan və Gürcüstan regional bağlantılar və enerji təhlükəsizliyi baxımından əvəzolunmaz tərəfdaşlara çevrilirlər.”




