Misirin nüfuzlu Al Qahera News kanalında yayımlanan tok-şouda İran ətrafında yaşanan gərginlik, xüsusilə Hörmüz boğazında mümkün risklər, eləcə də alternativ enerji və nəqliyyat marşrutları müzakirə olunub. Verilişdə Azərbaycandan hüquq müdafiəçisi Əhməd Şahidov, Hindistandan isə ehtiyatda olan polkovnik G.S. Sood iştirak edib.
Müzakirələr zamanı Əhməd Şahidov bildirib ki, Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik qlobal ticarət və enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır və bu, alternativ marşrutlara marağı artırır. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycan sabit və etibarlı tranzit ölkə kimi ön plana çıxır və beynəlxalq yükdaşımalar üçün real alternativ təqdim edir.
Əhməd Şahidov qeyd edib ki, xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizi bu gün daha böyük əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Asiya və Avrasiyadan gələn yüklərin Azərbaycan üzərindən Avropaya çatdırılması həm vaxt baxımından sərfəlidir, həm də siyasi risklər baxımından daha təhlükəsizdir. Bu isə Azərbaycanın qlobal nəqliyyat sistemində rolunu gücləndirir.
Polemika zamanı Əhməd Şahidov diqqətə çatdırıb ki, Hindistan da alternativ marşrutların inkişafında maraqlı tərəflərdən biridir və bu baxımdan Cənubi Qafqaz üzərindən keçən xətlər xüsusi əhəmiyyət qazanır. Onun fikrincə, Azərbaycan bu prosesdə körpü rolunu oynayaraq həm regional, həm də qlobal iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir.
Əhməd Şahidov sonda vurğulayıb ki, Azərbaycan son illərdə həyata keçirdiyi infrastruktur layihələri və balanslı siyasəti nəticəsində etibarlı tərəfdaş kimi tanınır. O bildirib ki, İran ətrafında yaranmış gərginlik fonunda alternativ nəqliyyat və enerji marşrutlarının ön plana çıxması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.







