TRIPP marşrutu ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilə bilərmi? – Əhməd Şahidov Vaşinqtondan şərh edir


TRIPP marşrutu – Azərbaycanın Zəngəzur dəhlizi kimi tanıdığı layihə Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırır. Azərbaycan marşrutun öz ərazisindən keçən hissəsində üzərinə düşən infrastruktur işlərini yekunlaşdırmağa yaxınlaşır, Ermənistan ərazisində isə layihənin reallaşdırılması ilə bağlı hazırlıq prosesi davam edir. ABŞ-ın layihədə iştirakı isə İranın ciddi narahatlığına səbəb olub.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov bildirir ki, TRIPP marşrutunun Ermənistan ərazisindən keçən hissəsində ABŞ hərbi qüvvələrinin yerləşdiriləcəyi barədə yayılan məlumatlar dəqiq deyil. Onun sözlərinə görə, ABŞ-ın layihədə iqtisadi və strateji iştirakını ABŞ əsgərlərinin Ermənistan ərazisində yerləşdirilməsi ilə eyniləşdirmək olmaz. Əhməd Şahidov hesab edir ki, İranın əsas narahatlığı məhz ABŞ-ın Cənubi Qafqazda artan siyasi və strateji roludur.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-İran qarşıdurmasından sonra Tehran qonşu ölkələrdə ABŞ hərbi bazalarının yaradılmasına və ABŞ əsgərlərinin regionda istənilən formada yerləşdirilməsinə qarşı daha ehtiyatlı yanaşır. Əhməd Şahidovun fikrincə, İran gələcəkdə TRIPP marşrutunu öz milli təhlükəsizliyinə və suverenliyinə təhdid kimi qəbul edərsə, layihəyə qarşı təxribat və ya hücum həyata keçirə bilər. O vurğulayıb ki, belə bir ssenari artıq lokal hadisə deyil, ABŞ-İran qarşıdurmasının Cənubi Qafqaza yayılması və regionda genişmiqyaslı eskalasiya demək olacaq.