Əhməd Şahidov: Azərbaycanda təhsildə hicab məsələsi ilə bağlı uyğun qərar qəbul edilməlidir

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə illik toplantısı davam edir. Bugünkü müzakirələrdə dini etiqad azadlığı, tolerantlıq və ayrı-seçkiliyin qarşısının alınması məsələləri diqqət mərkəzində olub. Tədbərdə yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov toplantıdan sonra ayaqüstü açıqlamasında bildirib ki, dini etiqad azadlığı ATƏT məkanında aktual məsələlərdən biridir. O, bəzi ATƏT ölkələrində, o cümlədən Fransa və Avstriyada hicab və digər dini geyimlərlə bağlı məhdudiyyətlərin mövcud olduğunu qeyd edib.

Əhməd Şahidov Azərbaycanda da son vaxtlar məktəblərdə hicab və baş örtüyü taxan qızların təhsil müəssisələrinə buraxılmaması ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumat və videoların yayıldığını bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, məsələ diqqətlə araşdırılmalıdır. Onun sözlərinə görə, əgər hər hansı məktəbdə qız uşağının yalnız hicab və ya baş örtüyünə görə məktəbə buraxılmaması halları varsa, bu, dini etiqad azadlığı və təhsil hüququ baxımından ciddi suallar doğurur.

Hüquq müdafiəçisi 6 oktyabr 2026-cı ildə Azərbaycan Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı qəbul etdiyi qərara da münasibət bildirib. O vurğulayıb ki, Azərbaycanın dünyəvi dövlət olması və müəllimlər üçün vahid, səliqəli və peşəkar geyim tələblərinin müəyyənləşdirilməsi təqdirəlayiqdir. Lakin bu yanaşma müəllimlərin və ümumilikdə insanların dini etiqad azadlığını məhdudlaşdırmamalıdır.

Əhməd Şahidov ümid etdiyini bildirib ki, Azərbaycan hökuməti bu məsələ ilə bağlı insan hüquqları, dini azadlıq və təhsil hüququ arasında uyğun balansı təmin edən münasib qərar qəbul edəcək.