Misirin nüfuzlu Əl-Qəhirə televiziya kanalında ABŞ-İran qarşıdurması, bu münaqişənin dünya iqtisadiyyatına, Avropa və Asiyanın təhlükəsizliyinə, enerji bazarlarına təsiri, eləcə də regional ölkələrin mövqeyi ilə bağlı debat keçirilib. Debatda hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov və Nyu-Dehlidən strateji məsələlər üzrə hindistanlı ekspert Gaurav Goel iştirak ediblər.
Debat zamanı çıxış edən Əhməd Şahidov bildirib ki, Azərbaycan uzun illərdir balanslı və çoxvektorlu xarici siyasət yürüdür. Onun sözlərinə görə, Bakı ABŞ, Çin, Rusiya, İran, Türkiyə, eləcə də Avropa və Asiya ölkələri ilə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan münasibətlər qurub. Əhməd Şahidov vurğulayıb ki, bu siyasət Azərbaycanın geosiyasi qarşıdurmalarda tərəf olmamasına, milli təhlükəsizliyini və regional sabitliyi qorumasına xidmət edir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan İran ətrafında yaranmış gərginliyin qısa zamanda aradan qalxmasının tərəfdarıdır. Onun sözlərinə görə, münaqişənin Azərbaycanın sərhədləri yaxınlığında davam etməsi ölkə üçün ciddi risklər yarada bilər. Əhməd Şahidov bildirib ki, müharibənin coğrafiyasının genişlənməsi milyonlarla qaçqının Azərbaycan sərhədlərinə yönəlməsi ehtimalını artırır ki, bu da ölkə üçün həm iqtisadi, həm də sosial baxımdan əlavə çətinliklər yarada bilər.
Əhməd Şahidov çıxışında Azərbaycanın mümkün vasitəçilik missiyasına da diqqət çəkib. O bildirib ki, Azərbaycanın həm ABŞ, həm də İranla konstruktiv münasibətləri mövcuddur və bu amil Bakını dialoq üçün etibarlı platformaya çevirə bilər. Şahidov xatırladıb ki, indiyədək ABŞ-İran danışıqları Oman, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanında keçirilsə də, ciddi nəticələr əldə olunmayıb. Onun sözlərinə görə, Bakının beynəlxalq dialoq və vasitəçilik platforması kimi uğurlu təcrübəsi var və əgər tərəflər belə bir iradə nümayiş etdirsələr, Azərbaycan ABŞ-İran danışıqlarına ev sahibliyi etmək və öz imkanlarını təqdim etmək potensialına malikdir.






