AŞPA`da Azərbaycana qarşı hibrid müharibəyə qarşı səfərbər olmalıyıq – Əhməd Şahidov QHT və media nümayəndələrinə müraciət edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il yay sessiyası çərçivəsində Azərbaycan əleyhinə dinləmələr keçirilib, müvafiq qətnamə qəbul olunub. Eyni zamanda, 25 AŞPA üzvü deputatın imzası ilə “Azərbaycanın Qarabağ bölgəsində erməni mədəni kimliyinin silinməsi” adlı yazılı deklarasiya da yayılıb. Bununla bağlı hüquq müdafiəçisi Əhməd Şahidov Strasburqdan video müraciətlə çıxış edib.

Əhməd Şahidov bildirib ki, sözügedən yazılı deklarasiya AŞPA-nın rəsmi mövqeyini əks etdirməsə də, Azərbaycana qarşı aparılan koordinasiyalı informasiya kampaniyasının tərkib hissəsidir. Onun sözlərinə görə, diqqətçəkən məqamlardan biri də sənədi imzalayan 25 deputat arasında bir nəfər də olsun erməni nümayəndəsinin olmamasıdır ki, bu da anti-Azərbaycan fəaliyyətinin artıq daha geniş siyasi dairələr tərəfindən dəstəkləndiyini göstərir.

Hüquq müdafiəçisi Əhməd Şahidov vurğulayıb ki, Qarabağ hərbi və siyasi baxımdan azad edilsə də, hibrid müharibə davam edir. Əhməd Şahidov hesab edir ki, belə təşəbbüslərə qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, media, vətəndaş cəmiyyəti və diaspor təşkilatlarının da koordinasiyalı fəaliyyəti ilə mümkün ola bilər. Onun fikrincə, beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin ardıcıl şəkildə müdafiə olunması və dezinformasiyaya operativ cavab verilməsi günün əsas çağırışlarından biridir.