14 avqust Pakistanın Milli Müstəqillik Günüdür. Bu əlamətdar gün 1947-ci ildə Pakistan İslam Respublikasının müstəqillik əldə etməsini qeyd edir. Hər il bu tarix Pakistan xalqı tərəfindən böyük coşqu və qürur hissi ilə qeyd olunur.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov Pakistan xalqını və dövlətini Milli Müstəqillik Günü münasibətilə təbrik edib. O, Azərbaycanla Pakistanın sadəcə dost deyil, qardaş ölkələr olduğunu vurğulayıb, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycanın yanında olmasını xüsusi qeyd edib və bu dəstəyin Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını bildirib.
Əhməd Şahidov təbrik müraciətində hüquq müdafiəçisi kimi beynəlxalq təşkilatlarda çıxışları zamanı Cammu və Kəşmirdəki insan haqları məsələlərini də gündəmə gətirdiyini və Pakistan xalqının səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdığını bildirib. O, Pakistanın nüvə silahına sahib yeganə müsəlman ölkəsi kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, Pakistanda çoxsaylı dostlarının olduğunu deyərək onları salamlayıb və gələcəkdə İslamabad, Karaçi və digər şəhərləri ziyarət etmək arzusunda olduğunu bildirib. Sonda Pakistan xalqına sülh, firavanlıq və uğurlar arzulayan Şahidov “Pakistan Zindabad!” şüarını səsləndirib.

