Azərbaycan 2028-ci ildə Avropa liderlərini Bakıda bir araya gətirəcək – Əhməd Şahidov Real Televiziyasına danışıb

Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin (EPC) sammitinə ev sahibliyi edəcək. Avropanın 40-dan artıq ölkəsinin dövlət və hökumət başçılarını bir araya gətirən bu mötəbər siyasi platformanın Bakıda təşkili Azərbaycanın beynəlxalq mövqeyinin və diplomatik nüfuzunun artmasının mühüm göstəricisi hesab olunur.

Bu barədə Real Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov Azərbaycanın son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübə qazandığını bildirib. Onun sözlərinə görə, Eurovision, Avropa Oyunları, Qoşulmama Hərəkatının Zirvə Görüşü və COP29 kimi mötəbər tədbirlərin təşkili Azərbaycanın beynəlxalq əməkdaşlıq üçün etibarlı platformaya çevrildiyini göstərir. Şərhçi Ermənistanın da Azərbaycanın 2028-ci il sammitinə ev sahibliyi namizədliyini dəstəkləməsini Cənubi Qafqazda yeni siyasi reallıqlar və sülh gündəliyi baxımından əlamətdar hadisə kimi qiymətləndirib.

Əhməd Şahidov qeyd edib ki, Bakı sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunun genişlənməsi, enerji təhlükəsizliyi və nəqliyyat-logistika sahələrində strateji tərəfdaşlığının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, Azərbaycan artıq yalnız beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də regional və qlobal siyasi gündəliyin formalaşmasında iştirak edən, Avropa ilə Asiya arasında mühüm geosiyasi və iqtisadi körpü rolunu oynayan güclü dövlətdir.