5 mart 2026-cı il tarixində İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu həyata keçirilib. Məlumata görə, kamikadze dronlardan biri Naxçıvan şəhərində yerləşən hava limanının ərazisinə zərbə endirib, digər dron isə yaşayış məntəqəsində orta məktəbin yaxınlığında partlayıb. Hadisə nəticəsində mülki infrastruktura ziyan dəyib və yaralananların olduğu bildirilir. Baş verən hadisə Azərbaycanda ciddi narahatlıq və qəzəb doğurub.
Hadisə ilə bağlı Sky News Arabia telekanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycan öz ərazisinə qarşı yönələn bütün hücumları dəf etmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, Naxçıvana edilən dron hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və mülki obyektlərin hədəfə alınması terror aktı kimi qiymətləndirilməlidir.
Əhməd Şahidov qeyd edib ki, Azərbaycan artıq İran tərəfinə rəsmi nota təqdim edib və ölkənin Silahlı Qüvvələri bir nömrəli səfərbərlik səviyyəsinə gətirilib. O vurğulayıb ki, əgər belə hücumlar yenidən təkrarlanarsa, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün İrana cavab vermək hüququnu özündə saxlayır.


