Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına heç vaxt icazə verməyəcək – Əhməd Şahidov Al Qahera kanalına danışıb


Misirin nüfuzlu Al-Qahera televiziya kanalında ABŞ–İran münasibətləri, mümkün hərbi eskalasiya və bunun Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsirləri mövzusunda beynəlxalq siyasi debat keçirilib. Proqramda azərbaycanlı siyasi şərhçi Əhməd Şahidov, Yeni Dehlidən Cənubi Asiya və beynəlxalq münasibətlər üzrə ekspert Ayanjit Sen, Cakartadan isə Diponegoro Universitetinin Siyasi Elmlər və İdarəçilik Departamentinin müəllimi Anielo Ianoni iştirak ediblər. Müzakirələrdə mümkün ABŞ–İran qarşıdurmasının regional təhlükəsizliyə, enerji marşrutlarına və beynəlxalq nəqliyyat dəhlizlərinə təsirləri diqqət mərkəzində olub.

Debat zamanı Əhməd Şahidov ABŞ ilə İran arasında mümkün yeni hərbi eskalasiyanın Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yarada biləcəyi təhlükələrdən danışıb. O bildirib ki, Azərbaycanın əsas marağı regionda sabitliyin qorunması, münaqişələrin diplomatik yollarla həlli və beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunmasıdır. Şahidovun sözlərinə görə, Hörmüz boğazında yarana biləcək ciddi gərginlik qlobal enerji bazarlarına, neft qiymətlərinə və beynəlxalq ticarətə təsir göstərə bilər. Belə bir şəraitdə Azərbaycanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdəki strateji əhəmiyyəti artsa da, region üçün ən vacib məsələ hərbi qarşıdurmanın genişlənməsinin qarşısını almaqdır.

Proqramda Azərbaycanın mümkün ABŞ–İran müharibəsindəki mövqeyi və ölkə ərazisinin hərbi məqsədlərlə istifadə olunması məsələsi də müzakirə edilib. Əhməd Şahidov qəti şəkildə bildirib ki, Azərbaycan heç vaxt özünün hava məkanının və quru ərazisinin qonşu dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməyib və bundan sonra da belə bir addım atmayacaq. O, xüsusilə Azərbaycanın ərazisinin İrana qarşı mümkün müharibədə istifadə olunacağı barədə yayılan məlumatların heç bir əsası olmadığını vurğulayıb. Şahidov qeyd edib ki, Azərbaycan regionda münaqişələrin sülh, dialoq və diplomatik danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, İranda yaşayan milyonlarla azərbaycanlının təhlükəsizliyi də Azərbaycan üçün mühüm məsələdir. Sərhədyanı ərazilərdə genişmiqyaslı hərbi qarşıdurma Azərbaycanın təhlükəsizliyi ilə yanaşı, iqtisadi və sosial vəziyyətinə də mənfi təsir göstərə bilər. Buna görə də Bakı üçün əsas prioritet qonşuluqda sülhün qorunması və regionun yeni müharibə meydanına çevrilməsinin qarşısının alınmasıdır.