Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Hüquqları Konfransı (HDIM 2026) öz işini davam etdirir. Oktyabrın 5-dən 15-dək davam edəcək mötəbər tədbirdə ATƏT-in 57 üzv ölkəsindən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Konfransda insan hüquqları, fundamental azadlıqlar, seçki prosesi, demokratiya, münaqişələr, beynəlxalq təhlükəsizlik və sülh məsələləri geniş müzakirə olunur.
Oktyabrın 6-da plenar sessiyanın ikinci paneli “Hüququn aliliyi” mövzusuna həsr olunub. Panel çərçivəsində işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaların qarşısının alınması, ölüm hökmünün ləğvi, eləcə də terrorizmlə mübarizə zamanı insan hüquqlarının qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov əvvəlcə Ermənistan nümayəndəsinin səsləndirdiyi revanşist fikirlərə münasibət bildirib. O, hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla davam etdiyini vurğulayaraq, belə bir beynəlxalq platformada revanşist çağırışların səsləndirilməsinin sülh prosesinə zərər vura biləcəyini diqqətə çatdırıb.
Əhməd Şahidov daha sonra panelin mövzusuna uyğun olaraq terrorizmlə mübarizə və insan hüquqlarının qorunması məsələlərinə toxunub. Hüquq müdafiəçisi bildirib ki, terrorizmlə mübarizə işgəncə, qanunsuz həbslər, məhkəməsiz cəzalandırma və digər fundamental hüquq pozuntuları üçün bəhanəyə çevrilməməlidir. O, insan hüquqları və hüququn aliliyi prinsiplərinin siyasi mövqedən asılı olmayaraq bütün hallarda eyni şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Çıxışında Cammu və Kəşmir məsələsinə də toxunan Əhməd Şahidov bölgədə insan hüquqları ilə bağlı narahatlıqların diqqətdə saxlanılmasının vacibliyini qeyd edib. O, Pakistanın terrorizmlə mübarizədə böyük itkilər verdiyini bildirərək, ölkənin təhlükəsizlik narahatlıqlarının da beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmalı olduğunu deyib.
Hüquq müdafiəçisi, həmçinin Hindistanın Hind çaylarının su ehtiyatlarının bölüşdürülməsini tənzimləyən Hindus Su Sazişi (Indus Waters Treaty) ilə bağlı birtərəfli mövqeyinə diqqət çəkib. O bildirib ki, milyonlarla insanın həyatına və dolanışığına birbaşa təsir edən su ehtiyatları ilə bağlı məsələlər siyasi təzyiq vasitəsinə çevrilməməli, beynəlxalq hüquq və mövcud razılaşmalar çərçivəsində həll olunmalıdır.
Hüquq müdafiəçisi son günlər Pakistan və Əfqanıstan arasında artan gərginliyə də diqqət çəkib. O bildirib ki, terror qruplaşmalarının qonşu ölkələrə qarşı fəaliyyət göstərmək üçün hər hansı dövlətin ərazisindən istifadə etməsinə yol verilməməli, eyni zamanda terrorla mübarizə çərçivəsində həyata keçirilən bütün tədbirlər beynəlxalq hüquqa və mülki əhalinin müdafiəsi prinsiplərinə uyğun olmalıdır. Əhməd Şahidov tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoqa və regional əməkdaşlığa çağırıb.
Əhməd Şahidov Pakistan və Hindistanın ATƏT üzvü olmadığını, lakin insan təhlükəsizliyi və beynəlxalq sabitliyin coğrafi sərhədlərlə məhdudlaşmadığını qeyd edib. Onun sözlərinə görə, Pakistan və Hindistan kimi iki nüvə dövlət arasında hər hansı genişmiqyaslı hərbi qarşıdurma yalnız Cənubi Asiya üçün deyil, daha geniş beynəlxalq təhlükəsizlik sistemi, o cümlədən Avropa üçün ciddi nəticələr yarada bilər.
“İki nüvə dövlət arasında baş verə biləcək ciddi hərbi eskalasiya böyük humanitar böhran, kütləvi miqrasiya, beynəlxalq ticarət və enerji marşrutlarının pozulması ilə nəticələnə bilər. Belə bir böhranın təsirləri Cənubi Asiyanın hüdudlarından çox uzaqlara, o cümlədən Avropaya qədər çata bilər”, – deyə Əhməd Şahidov vurğulayıb.
O, eyni zamanda İran ətrafında yaranmış gərginlik, Hörmüz boğazı ilə bağlı risklər və Babülməndəb istiqamətində təhlükəsizlik problemlərinin də artıq yalnız regional məsələ olmadığını bildirib. Əhməd Şahidovun sözlərinə görə, bu marşrutlarda yaranan təhlükəsizlik böhranları enerji təminatına, beynəlxalq ticarətə, dəniz təhlükəsizliyinə və nəticə etibarilə Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
“Bu baxımdan, ATƏT məkanından kənarda baş verən proseslərin ATƏT üzv dövlətlərinin təhlükəsizliyinə və insan hüquqlarına mümkün təsirlərini də nəzərə almaq lazımdır. İnsan təhlükəsizliyi coğrafi sərhədlərlə məhdudlaşmır”, – deyə hüquq müdafiəçisi qeyd edib.
Çıxışının sonunda Əhməd Şahidov hüququn aliliyinə ardıcıl riayət olunmasına, mülki əhalinin qorunmasına, işgəncələrə və digər insan hüquqları pozuntularına yol verilməməsinə, eləcə də təhlükəsizlik məsələlərinin insan hüquqları hesabına həll edilməməsinə çağırış edib.






