Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin əsas gündəmlərindən biri TRIPP marşrutunun reallaşdırılmasıdır. Azərbaycan öz ərazisində layihə üzrə infrastruktur hazırlıqlarını artıq başa çatdırıb. Ermənistan tərəfində isə prosesin hələ ilkin mərhələsində olduğu bildirilir. ABŞ marşrutun açılması istiqamətində səylərini artırarkən, İran layihənin mümkün təhlükəsizlik mexanizmləri və bölgədə ABŞ hərbi qüvvələrinin iştirakı ilə bağlı narahatlığını ifadə edir.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına bildirib ki, ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda Tehran Ermənistan ərazisində yerləşdirilə biləcək ABŞ hərbi qüvvələrinin gələcəkdə İrana qarşı istifadə olunmayacağına dair təminat istəyir. Onun sözlərinə görə, əgər TRIPP marşrutunun təhlükəsizliyinin ABŞ ordusu tərəfindən təmin edilməsi məsələsi gündəmə gələrsə, İran buna qarşı çıxa bilər. Əhməd Şahidov hesab edir ki, İranın bu narahatlığını nəzərə almaq lazımdır.
Siyasi şərhçinin fikrincə, TRIPP marşrutunun açılması Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanmasına səbəb olacaq. Əhməd Şahidov qeyd edib ki, Azərbaycan marşrutun təhlükəsiz və maneəsiz fəaliyyət göstərməsinin tərəfdarıdır və bu layihənin heç bir halda İrana qarşı istifadə olunmasını istəmir. O bildirib ki, yaxın zamanda Azərbaycan, Ermənistan və ABŞ arasında marşrutun idarə olunması, logistika və təhlükəsizlik məsələləri ilə bağlı ortaq məxrəcə gəlmək mümkündür və bu, İranın narahatlığının da minimuma endirilməsinə şərait yarada bilər.




