Avropa Parlamentinin Ukraynaya dəstək məqsədilə 90 milyard avroluq paketi təsdiqləməsi Brüsselin siyasi prioritetlərini və uzunmüddətli strateji yanaşmasını bir daha nümayiş etdirir. Qərar Ukraynada davam edən müharibə fonunda həm maliyyə sabitliyinin təmin olunmasına, həm də Avropa təhlükəsizliyinin qorunmasına yönəlmiş addım kimi qiymətləndirilir.
Hüquq müdafiəçisi Əhməd Şahidov AnewZ kanalına müsahibəsində bildirib ki, bu qərar təkcə maliyyə dəstəyi deyil, eyni zamanda Aİ-nin beynəlxalq hüquqa və suverenlik prinsipinə sadiqliyinin göstəricisidir: “Ukraynada baş verənlər regional münaqişə çərçivəsini çoxdan aşıb. Bu, beynəlxalq hüququn və Avropanın etibarlılığının sınağıdır. Brüssel göstərir ki, sabitlik və davamlılıq onun əsas prioritetidir və Ukrayna proqnozlaşdırılan dəstək olmadan fəaliyyət göstərə bilməz.”
Əhməd Şahidov vurğulayıb ki, paket Avropanın diplomatik mövqeyini də gücləndirir və Aİ-ni uzunmüddətli strateji kursa istiqamətləndirir: “Zəmanətli maliyyə dəstəyi Ukraynaya danışıqlarda daha güclü mövqedən çıxış etmək imkanı verir. Eyni zamanda bu qərar göstərir ki, Avropa artıq qısamüddətli böhran idarəçiliyindən strateji iştiraka keçir və qaydalara əsaslanan beynəlxalq nizamı qorumaq üçün siyasi iradə ortaya qoyur.”




