Hörmüz boğazının bağlı qalması İranın özünə də zərər verir – Əhməd Şahidov Vaşinqtondan ARB24 Televiziyasına danışıb

ABŞ-İran qarşıdurmasında hazırda əsas gündəm hərbi əməliyyatlardan daha çox iqtisadi və siyasi təzyiq mərhələsinə keçiddir. Vaşinqton Tehranı yeni və daha sərt sanksiyalarla razılaşmaya məcbur etməyə çalışır. İran isə təzyiqlərə müqavimət göstərir və ABŞ-ın sanksiya siyasətinə qoşulacaq ölkələrə qarşı da tədbirlər görə biləcəyini açıqlayır. Bu fonda əsas mübahisəli məsələlərdən biri Hörmüz boğazının açılması olaraq qalır.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına müsahibəsində bildirib ki, Donald Tramp İranla bağlı daha sərfəli variantı seçərək genişmiqyaslı yeni müharibə əvəzinə siyasi və iqtisadi təzyiqi gücləndirməyə üstünlük verir. Onun sözlərinə görə, yeni sanksiyalar təkcə İrana deyil, İranın ticarət tərəfdaşlarına, İrandan neft alan və bu nefti daşıyan şirkətlərə, vasitəçilərə və digər kommersiya strukturlarına yönələcək. Əhməd Şahidov hesab edir ki, Vaşinqton bununla İranın neft gəlirlərini və xarici ticarət imkanlarını məhdudlaşdıraraq Tehranı güzəştə getməyə məcbur etmək istəyir.

Siyasi şərhçinin fikrincə, İran isə hələlik müqaviməti davam etdirir və ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin də hədəfə alına biləcəyi barədə xəbərdarlıq edir. Əhməd Şahidov qeyd edib ki, prosesin əsas məqsədlərindən biri Hörmüz boğazında normal gəmiçiliyin bərpasıdır. Lakin boğazın uzun müddət bağlı qalması İranın öz iqtisadi maraqlarına da zərər vurur. Çünki İranın neft ixracı və regiondakı ticarət imkanları da bu marşrutdan asılıdır. Onun fikrincə, qarşıdakı mərhələdə əsas məsələ tərəflərin iqtisadi və siyasi təzyiqi artırmaqla yanaşı, Hörmüz boğazının açılması və daha geniş razılaşma üçün ortaq zəmin tapıb-tapmayacağı olacaq.