AŞPA-da Azərbaycanla bağlı birtərəfli fikirlər qalmaqdadır – Əhməd Şahidov Strasburqdan REAL Televiziyasına danışıb


Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası bu gün də işini davam etdirir. Sessiya çərçivəsində Yaxın Şərqdə vəziyyət, Ukrayna-Rusiya müharibəsinin gedişi, Ukraynaya dəstəyin artırılması, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, İsraildə ölüm hökmünün qanuni qüvvəyə minməsi ilə bağlı narahatlıqlar, beynəlxalq terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və siyasi hüquqlar kimi məsələlər müzakirə olunur. Bununla yanaşı, Bolqarıstanda və Kosovoda keçirilmiş seçkilərlə bağlı hesabatlar da Assambleya üzvlərinə təqdim edilib.

Strasburqda sessiyanı yaxından izləyən hüquq müdafiəçisi Əhməd Şahidov Real Televiziyasına müsahibəsində bildirib ki, müzakirə olunan mövzuların geniş spektri olsa da, bəzi çıxışlarda Azərbaycana münasibətdə yenə də qərəzli yanaşmalar müşahidə olunur: “Sessiyanın gündəliyi kifayət qədər əhatəlidir və beynəlxalq təhlükəsizlik məsələləri ön plandadır. Lakin buna baxmayaraq, AŞPA tribunasında Azərbaycanla bağlı səsləndirilən fikirlər bir çox hallarda obyektivlikdən uzaqdır və birtərəfli xarakter daşıyır”.

Əhməd Şahidov qeyd edib ki, xüsusilə Azərbaycanda həbs olunan bəzi şəxslərlə bağlı çıxışlar və Bakıda saxlanılan erməni əsilli şəxslər – Ruben Vardanyan, Araik Harutyunyan, Bako Saakyan və digərlərinin Avropalı deputatlar tərəfindən “siyasi məhbus”, “müharibə əsiri” və “vicdan məhbusu” kimi təqdim olunması bu qərəzli yanaşmanın davamıdır: “Bu, AŞPA-nın Azərbaycana münasibətdə ikili standartlar siyasətini davam etdirdiyini göstərir. Azərbaycanın nümayəndə heyətinin bir neçə il əvvəl Assambleyada fəaliyyətini dondurmasının əsas səbəblərindən biri də məhz bu cür yanaşmalar idi”.