Əhməd Şahidov Gəncədə keçirilən “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumunda çıxış edib

Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Gələcək Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” adlı forum keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Forumun açılışında layihə rəhbəri Tural İsaqov çıxış edərək tədbirin məqsədi, rəqəmsal təhlükəsizliyin gənclər və cəmiyyət üçün aktuallığı barədə danışıb. Layihə eksperti Xəyalə Rəis isə rəqəmsal təhlükəsizliyin gənc nəslin formalaşmasında və maariflənməsində mühüm rol oynadığını qeyd edib.

Tədbirdə spiker qismində çıxış edənlər arasında Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, “X-Link” şirkətinin rəhbəri Əhməd Zülfüqarov və hüquq müdafiəçisi Əhməd Şahidov yer alıblar.

Forum tanınmış jurnalist Firəngiz Cəlilovanın moderatorluğu ilə baş tutub. Tədbirdə Gəncə şəhər Nizami və Kəpəz bələdiyyələrinin sədrləri, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, bir sıra ictimai birliklərin rəhbərləri, alimlər, ictimai xadimlər və 200-dən çox gənc iştirak edib.

Forum çərçivəsində rəqəmsal təhlükəsizliyin aktual çağırışları, kiber təhdidlər, sosial mediada etik davranış qaydaları və rəqəmsal savadlılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Əhməd Şahidovun çıxışı geniş maraq doğurub. O, informasiya təhlükəsizliyi və media təbliğatının müasir dövrdə milli təhlükəsizliklə sıx bağlı olduğunu vurğulayıb. Hüquq müdafiəçisi çıxışında beynəlxalq informasiya mühitində Azərbaycanın təmsilçiliyi, Qərb institutları və beynəlxalq media ilə əməkdaşlığın əhəmiyyəti barədə danışıb. O, həmçinin Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə dünya mediasına verdiyi müsahibələrin əhəmiyyətini xatırladaraq, həmin dövrdə Azərbaycanın informasiya savaşında qazandığı uğurları nümunə göstərib.

Əhməd Şahidov öz şəxsi təcrübəsindən də söz açaraq bildirib ki, beynəlxalq təşkilatlarda çıxışlar, Qərb media platformalarına müsahibələr və diplomatik müstəvidə aparılan kommunikasiya – Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Tədbir, gənclərin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasına, eləcə də rəqəmsal mühitdə məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilib.