8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesində tarixi dönüş yaradan sənədlərin imzalanmasından bir il ötür. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən sammitdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılıb, ötən bir il ərzində regionda sülh və sabitlik qorunub, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranıb. Tərəflər arasında əldə olunan razılaşmalar çərçivəsində sülh sazişinin mətni paraflanıb, TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib, Azərbaycan ərazisindən Ermənistana yük daşımaları və neft məhsullarının ixracı kimi praktiki addımlar atılıb.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov 8 avqust 2025-ci il razılaşmasını Cənubi Qafqaz üçün tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, ötən bir il ərzində Azərbaycan-Ermənistan sülhünün əldə olunması istiqamətində ciddi irəliləyişlər baş verib. Regionda sabitliyin qorunması, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat layihələrinin gündəmə gəlməsi sülh prosesinin artıq siyasi bəyanatlardan praktiki əməkdaşlığa keçdiyini göstərir.
Əhməd Şahidov bildirib ki, əldə olunan nəticələrə baxmayaraq, sülh prosesinin tam başa çatması üçün hələ mühüm addımlar atılmalıdır. Onun fikrincə, ilk növbədə yekun sülh sənədi imzalanmalı, regionda bütün kommunikasiyalar açılmalı və Azərbaycanla Ermənistan xalqları arasında qarşılıqlı etimad mühiti formalaşdırılmalıdır. Siyasi şərhçi hesab edir ki, yalnız bu addımların atılması ilə Vaşinqtonda başlayan proses davamlı və uzunmüddətli sülhə çevrilə bilər.

