Prezident Donald Trampın İranla bağlı yeni strategiyası nədir? – Əhməd Şahidov Vaşinqtondan ARB24 Televiziyasına danışıb


ABŞ və İran arasında son günlər yenidən artan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün yeni hərbi əməliyyatlarla bağlı sərt bəyanatları, eyni zamanda bəzi müttəfiq ölkələrin Vaşinqtonu diplomatik həll yoluna üstünlük verməyə çağırması regionda vəziyyəti daha da həssaslaşdırıb. İrandan gələn ziddiyyətli açıqlamalar isə tərəflər arasında mümkün danışıqların taleyi ilə bağlı qeyri-müəyyənliyi artırır.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilmək riski daşısa da, hazırkı mərhələdə heç bir tərəf belə bir ssenaridə maraqlı deyil. Onun sözlərinə görə, Donald Tramp bəyan edib ki, bəzi ABŞ müttəfiqləri İrana qarşı planlaşdırılan hərbi addımların təxirə salınmasını və diplomatik danışıqlara şans verilməsini xahiş ediblər. Əhməd Şahidov qeyd edib ki, İran daxilindən isə bir-birinə zidd mesajlar verilir: Prezident ABŞ-la danışıqların mümkünlüyündən danışdığı halda, SEPAH-a yaxın dairələr hər hansı danışıqları qətiyyətlə rədd edirlər. Bu ziddiyyət fonunda Donald Tramp İranı ikiüzlülükdə ittiham edib.

Siyasi şərhçinin fikrincə, bu ziddiyyətlərin əsas səbəbi İranda fərqli siyasi və güc mərkəzlərinin mövcud olmasıdır. Əhməd Şahidov vurğulayıb ki, Vaşinqton və Tehran arasında razılaşma əldə olunacağı təqdirdə, İran daxilində ciddi siyasi parçalanma ehtimalı arta bilər. O əlavə edib ki, ABŞ da genişmiqyaslı hərbi əməliyyatlara başlamaqda maraqlı deyil, çünki belə bir müharibə milyardlarla dollar əlavə xərc, böyük canlı itkilər və Amerika cəmiyyətinə ciddi iqtisadi-sosial təsirlər vəd edir. Bu səbəbdən Donald Trampın ənənəvi uzunmüddətli müharibə əvəzinə, İranı qısa müddətdə hərbi və siyasi güzəştlərə məcbur etməyə hesablanmış, sürətli və qeyri-ənənəvi hərbi strategiyalara üstünlük verməsi ehtimalı daha yüksək qiymətləndirilir.