Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in illik İnsan Hüquqları Konfransı (HDIM 2025) davam edir. Oktyabrın 6-da start götürən və 17-nə qədər davam edəcək mötəbər tədbirə ATƏT-in 57 üzv ölkəsindən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Konfransda insan hüquqları, əsas azadlıqlar, seçki prosesi, demokratiya, beynəlxalq təhlükəsizlik və sülh məsələləri geniş müzakirə olunur.
Bu ilki sessiyalarda Cənubi Qafqazda sülh gündəliyi, Ukraynada davam edən müharibə, eləcə də Avropada demokratik institutların gələcəyi əsas mövzular sırasında yer alıb.
Konfransın 7 oktyabr tarixində keçirilən ikinci plenar sessiyasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxış edib.
Əhməd Şahidov çıxışında Cənubi Qafqazda demokratik dəyərlərin və sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. O, son günlər Gürcüstanda keçirilmiş bələdiyyə seçkilərinə toxunaraq bu seçkilərin bölgədəki demokratik mühitin vəziyyətini göstərdiyini qeyd edib: “Seçkilər demokratiyanın güzgüsüdür. Əgər seçki azad və şəffaf keçirilmir, insanlar qorxur və ya inanmırsa, bu, təkcə Gürcüstan üçün yox, bütün region üçün siqnaldır. Demokratiya tədricən yox olur — sükut, qorxu və etimadsızlıq içində.”
Hüquq müdafiəçisi çıxışında həmçinin Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərinə diqqət çəkib və bu seçkilərin Cənubi Qafqazda sülhün gələcəyinə birbaşa təsir göstərəcəyini bildirib: “Əfsuslar olsun ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist ritorika ilə çıxış edir. Onlar sülh sazişini qəbul etmir, yenidən müharibə barədə danışırlar. Bu, sülh prosesinə təhlükədir. Əgər belə qüvvələr hakimiyyətə gələrsə, 8 avqustda Ağ Evdə Prezident Donald Trampın vasitəçiliyi ilə baş tutan tarixi görüş nəticəsində yaranmış müsbət atmosfer dağıla bilər.”
Əhməd Şahidov konfrans zalında bəzi erməni nümayəndələrinin səsləndirdiyi qərəzli fikirlərə də cavab verib: “Biz keçmişlə yox, gələcəklə danışmalıyıq. Sülh və demokratiya nifrət və yalan üzərində qurula bilməz. Azad seçkilər revanşizm və təxribat üçün vasitə deyil, xalqlar arasında etimadın möhkəmlənməsi üçün şans olmalıdır.”
Azərbaycanlı hüquq müdafiəçisi həmçinin Avropanın Cənubi Qafqazdakı demokratik sabitliyə daha çox diqqət yetirməsinin vacibliyini vurğulayıb: “Əgər demokratiya Cənubi Qafqazda uğursuz olarsa, Avropanın təhlükəsizliyi də zərər görəcək. Sülh və sabitlik yalnız azad cəmiyyətlərdə mümkündür.”
Çıxışının sonunda Əhməd Şahidov regionda dialoqa, əməkdaşlığa və birgə rifaha çağırıb: “Azərbaycan sülhə inanır. Biz yolları və körpüləri bağlamaq deyil, açmaq istəyirik. Cənubi Qafqaz xalqları sülh, sabitlik və inkişaf üçün eyni masada otura bilər və oturmalıdır. Demokratiya və sülh — bir-birindən ayrılmaz dəyərlərdir.”
Qeyd edək ki, ATƏT-in Varşava konfransı oktyabrın 17-nə qədər davam edəcək və yekunda bölgədə insan hüquqları və demokratik institutların möhkəmləndirilməsinə dair yekun bəyanat qəbul ediləcəyi gözlənilir.




