“BMT-nin etimad limiti sıfıra yaxınlaşıb, Azərbaycanın qələbəsi isə qlobal fonda əsl möcüzədir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


BMT Baş Assambleyasının 81-ci sessiyası qlobal geosiyasi qütbləşmənin, sərt hərbi ritorikanın və dərinləşən münaqişələrin fonunda yadda qalan məqamlarla başa çatsa da, beynəlxalq təşkilatın böhranların həllindəki acizliyini bir daha üzə çıxardı. Dünyanın müxtəlif nöqtələrində — Yaxın Şərqdə, Ukraynada, eləcə də ABŞ-İran münasibətlərində gərginliyin pik həddə çatdığı bir vaxtda, BMT tribunasından səslənən çağırışlar real nəticə vermədi. Əksinə, qurumun qlobal etimad limitinin tükənməsi və beynəlxalq hüquq mexanizmlərinin işləməməsi dünya birliyində ciddi narahatlıq doğurmaqdadır.

Bu məsələlərlə bağlı ARB24 Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, BMT-nin 81-ci sessiyası heç bir real nəticə əldə etməyib və əksinə, bu dəfəki tədbir güc nümayişi, əzələ nümayişi və sərt hərbi ritorika ilə yadda qalıb. Ekspert qeyd edib ki, dünyanın daha da bölündüyü və münaqişələrin artdığı bir mərhələdə BMT-nin legitimliyi artıq sıfıra yaxınlaşıb. ABŞ-İran, İsrail-Yaxın Şərq, Rusiya-Ukrayna, eləcə də Mərkəzi və Cənubi Asiyadakı gərginliklər fonunda dünyada heç bir dialoq, barışıq və ya kompromisdən söhbət gedə bilməz, əksinə, gələcəkdə münaqişələrin daha da dərinləşəcəyi gözlənilir.

Bütün bu qlobal böhranlar və beynəlxalq təşkilatların səmərəsizliyi fonunda Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin böyük bir möcüzə olduğunu vurğulayan siyasi şərhçi Əhməd Şahidov diqqətə çatdırıb ki, respublikamız 21-ci əsrdə münaqişəyə son qoyan ölkədir. Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq ədaləti təmin etməsi və torpaqlarını işğaldan azad etməsi qlobal müstəvidə unikal nümunədir. Bu gün Azərbaycanın Ermənistanla sülh prosesini uğurla davam etdirməsi isə dünyada baş verən xaotik münaqişələr fonunda əsl sülh və inkişaf modeli kimi qiymətləndirilir.