“ABŞ Qəzza əhalisinin məcburi köçürülməsi planına dəstək verməyəcək” – Əhməd Şahidov Vaşinqtondan ARB24 Televiziyasına danışıb


Qəzza zolağında fələstinli əhalinin gələcək taleyi və onların ərazidən çıxarılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İsrail rəsmiləri Qəzza sakinlərinin başqa ərazilərə köçürülməsi ilə bağlı planların hazırlandığını bildirir və bunun üçün ABŞ-ın dəstəyinin vacib olduğunu vurğulayırlar. Beynəlxalq hüquq baxımından isə əhalinin məcburi köçürülməsi ciddi hüquqi mübahisələr doğurur.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 televiziyasına müsahibəsində bildirib ki, Qəzza zolağının fələstinlilərdən tam şəkildə boşaldılması və əhalinin məcburi köçürülməsi beynəlxalq konvensiyalara ziddir. Onun sözlərinə görə, ABŞ-ın bu məsələdə İsrailə dəstək verəcəyi inandırıcı deyil: “Düşünmürəm ki, ABŞ bu məsələdə İsrailə dəstək verəcək. Amma İsrailin təhlükəsizliyi məsələsi hər zaman ABŞ-ın milli maraqlarındadır. ABŞ hər zaman İsraili dəstəkləyəcək, bu birmənalı şəkildə belədir”.

ABŞ-İran qarşıdurmasına da toxunan Əhməd Şahidov qeyd edib ki, nə ABŞ, nə də İran uzunmüddətli müharibə aparmaqda maraqlıdır. Onun fikrincə, uzunmüddətli müharibə İranın siyasi, iqtisadi və hərbi potensialının çökməsinə, ABŞ üçün isə böyük maliyyə itkilərinə səbəb ola bilər. Şahidov bildirib ki, Tramp administrasiyası İrana qarşı hərbi əməliyyatları müəyyən fasilələrlə davam etdirərək Tehranı danışıqlar masasına qayıtmağa və güzəştlərə getməyə məcbur etməyə çalışır.