BMT Baş Assambleyasının 81-ci sessiyası Nyu-Yorkda başladı: Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli ümumi siyasi müzakirələri öz işinə başlayıb. Banqladeş nümayəndəsi Xəlilur Rəhmanın sədrliyi ilə keçirilən və “Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: hər kəs üçün nəticə verən BMT” mövzusuna həsr olunan tədbir çərçivəsində dünya liderləri qlobal böhranlar, müharibələr və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəliblər.

Məsələ ilə bağlı ARB24 Televiziyasına müsahibə verən hüquq müdafiəçisi və siyasi şərhçi Əhməd Şahidov bildirib ki, BMT-nin 81-ci sessiyası eyni vaxtda bir neçə böyük münaqişənin davam etdiyi son dərəcə mürəkkəb geosiyasi fonda keçirilir. Əhməd Şahidovun sözlərinə görə, gündəliyin ana oxunu ABŞ–İran qarşıdurması, Yaxın Şərq böhranı, Rusiya–Ukrayna müharibəsi, Qəzzadakı humanitar vəziyyət və Yəməndə husilərin fəaliyyəti təşkil edir. O, xüsusilə Nyu-Yorkda olan Donald Tramp və Məsud Pezeşkian xəttində pərdəarxası təmasların ehtimalına, habelə Trampın Körfəz ölkələrinin nümayəndələri ilə görüşlərinin regional təhlükəsizlik və enerji bazarları üçün daşıdığı kritik əhəmiyyətə diqqət çəkib.

Əhməd Şahidov əlavə edib ki, sessiya çərçivəsində Zelenski–Tramp görüşü, Fransanın iki dövlətli həll istiqamətindəki diplomatik addımları və Təhlükəsizlik Şurasındakı veto mexanizminin yaratdığı məhdudiyyətlər BMT-nin gələcək taleyini nümayiş etdirir. Əhməd Şahidov, həmçinin ilk dəfə olaraq süni intellektin beynəlxalq təhlükəsizlik riski kimi ən yüksək səviyyədə gündəmə gətirildiyini vurğulayaraq, bu sessiyanın BMT-nin sadəcə bəyanatlar səsləndirilən tribuna, yoxsa real nəticələr verən diplomatik platforma olacağını üzə çıxaracağını bildirib.