AŞPA`nın Yaz Sessiyası başladı: Azərbaycanla bağlı hansı mövzular gündəmdədir? – Əhməd Şahidov Strasburqdan xəbər verir


Aprelin 20`də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Yaz Sessiyası öz işinə başlayıb. Aprelin 26`a qədər davam edəcək sessiya çərçivəsində bir sıra məsələlər, o cümlədən Yaxın Şərqdə vəziyyət, Ukraynada davam edən müharibə, dünyada ölüm hökmünün tam ləğvi, terrorizmin maliyyələşdirilməsi ilə mübarizə, cinayət gəlirlərinin müsadirəsi, siyasi şəxslərə qarşı zorakılıq və nifrət dili, din və etiqad azadlığının qorunması kimi məsələlər də müzakirə olunacaq.

Sessiyanın işində yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov bu dəfəki müzakirələr və gözlənilən çıxışlar barədə Strasburqdan öz fikirlərini bölüşüb. Əhməd Şahidovun sözlərinə görə, AŞPA`nın Yaz Sessiyası çərçivəsində Azərbaycanla bağlı qərəzli çıxışların ediləcəyi də gözlənilir: “Cənubi Qafqazda sülh gündəliyi bugün bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan və Ermənistan arasında sülh prosesi bu gün regionun gələcəyini müəyyən edən əsas amildir. Azərbaycan artıq post-münaqişə dövründə öz mövqeyini aydın şəkildə ortaya qoyub. Sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində konkret addımlar atılıb. Amma buna baxmayaraq, bəzi dairələr bu prosesi ləngitmək və ya manipulyasiya etmək niyyətindədir. Xüsusilə də iyun ayında Ermənistanda keçiriləcək seçkilər fonunda bu mövzunun siyasi alətə çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir.”

Hüquq müdafiəçisi onu da əlavə edib ki, AŞPA platformasında yenə də Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı yanlış təbliğat aparılmaqdadır: “Söhbət konkret olaraq, Ruben Vardanyan, Araik Harutyunyan, Bako Saakyan və digərlərindən gedir. Bu şəxslər Azərbaycan qanunvericiliyinə görə müharibə cinayətləri törətməkdə ittiham olunurlar. Amma təəssüf ki, Avropada bəzi siyasi və media dairələri onları “siyasi məhbus” və ya “vicdan məhbusu” kimi təqdim etməyə çalışırlar. Bu, açıq şəkildə reallığın təhrif olunmasıdır. Çünki burada söhbət siyasi baxışlara görə saxlanılan şəxslərdən yox, konkret cinayətlərdə ittiham olunan və hüquqi prosesə cəlb edilmiş şəxslərdən gedir. Azərbaycan bu məsələdə beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir və bu proses hüquqi müstəvidə davam etdirilir. Ancaq buna baxmayaraq, ölkəmizə qarşı informasiya təzyiqi və təbliğat kampaniyası davam edir. Məhz buna görə də burada – Strasburqda – bu sessiyalarda iştirak etmək, baş verən müzakirələri yaxından izləmək və Azərbaycanın haqlı mövqeyini yerindəcə çatdırmaq çox vacibdir.”