2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarından 25 il ötür. Nyu-York və Vaşinqtonda törədilən hücumlar nəticəsində minlərlə insan həyatını itirib. Hadisədən sonra ABŞ-ın həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklər baş verib, terrorla mübarizə Vaşinqtonun milli təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
Real Televiziyasında 11 sentyabr terror aktlarının ildönümü ilə bağlı müzakirələr keçirilib. Müzakirələrdə siyasi şərhçi Əhməd Şahidov studiyada iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, politoloq Fikrət Sadıqov isə canlı bağlantı ilə müzakirələrə qoşulub.
Siyasi şərhçi Əhməd Şahidov bildirib ki, 11 sentyabrdan əvvəlki və sonrakı ABŞ faktiki olaraq bir-birindən tamamilə fərqlənir. Onun sözlərinə görə, terror aktlarından sonra Vaşinqton öz milli maraqlarına, milli təhlükəsizliyinə və ilk növbədə sadə amerikalıların şəxsi təhlükəsizliyinə daha böyük diqqət yetirməyə başlayıb. ABŞ Əfqanıstan, İraq və Suriya kimi ölkələrdə terrorizmə qarşı uzunmüddətli mübarizə aparsa da, beynəlxalq terrorun kökünü tamamilə kəsmək mümkün olmayıb. Əhməd Şahidov Əfqanıstanda Talibanla mübarizəyə baxmayaraq, son nəticədə Talibanın yenidən hakimiyyətə gəlməsini, İraq və Suriyada isə İŞİD və digər terror qruplaşmalarına qarşı mübarizənin davam etməsini bunun nümunəsi kimi qeyd edib.
Əhməd Şahidov 11 sentyabrdan sonra ABŞ-da islamofobiyanın artmasına da diqqət çəkib. Bununla yanaşı, o bildirib ki, 25 il sonra bu məsələdə müəyyən paradoks müşahidə olunur: bir tərəfdən müsəlmanlara qarşı mənfi münasibət və ayrı-seçkilik halları müzakirə mövzusu olaraq qalır, digər tərəfdən isə müsəlman amerikalıların ABŞ-ın ictimai-siyasi həyatında fəallığı artır. Şahidovun sözlərinə görə, son illərdə müsəlman namizədlərin seçkilərdə iştirakı və siyasi çəkisi yüksəlir. Bu baxımdan 11 sentyabrın ildönümü yalnız terror aktlarının deyil, həm də ABŞ-ın milli təhlükəsizlik siyasətinin, İslam dünyası ilə münasibətlərinin və ölkə daxilində müsəlmanların ictimai-siyasi rolunun dəyişməsinin təhlili baxımından mühüm əhəmiyyət daşıyır.





