Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in illik İnsan Hüquqları Konfransı (HDIM 2025) davam edir.
Oktyabrın 6-da start götürən və 17-nə qədər davam edəcək mötəbər tədbirə ATƏT-ə üzv 57 ölkədən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
8 oktyabr 2025-ci il tarixində keçirilən 3-cü panel sessiya “Münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyi” mövzusuna həsr olunub. Paneldə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müasir müharibələrdə jurnalistlərin hədəfə alınması məsələsinə diqqət çəkib.
O, Rusiya–Ukrayna müharibəsində azı 70 jurnalist və media işçisinin öldürüldüyünü, onların bir çoxunun hadisə yerində – cəbhə xəttində – reallığı dünyaya çatdırmaq istəyərkən həlak olduğunu bildirib. Əhməd Şahidov xüsusilə ukraynalı fotojurnalist Maks Levin və fransız müxbir Frédéric Leclerc-Imhoffun faciəvi ölümünü xatırladıb.
Daha sonra o, Yaxın Şərqdə – xüsusən Qəzzada – media işçilərinin məqsədli şəkildə hədəfə alınmasından danışıb.
Çıxışında Al Jazeera telekanalının əməkdaşları Şirin Əbu Akleh və Samir Əbu Dəqqanın qətlə yetirilməsini nümunə göstərərək, bu hadisələrin təsadüfi deyil, sistematik hücumlar olduğunu vurğulayıb.
Siyasi şərhçi beynəlxalq ictimaiyyətin bu məsələlərdəki ikili standartlarını tənqid edib və ATƏT-i jurnalistlərin müdafiəsi üçün real mexanizmlər yaratmağa çağırıb: “Jurnalistlər təkcə müharibəni deyil, həqiqəti də sənədləşdirirlər. Onların təhlükəsizliyi — cəmiyyətin təhlükəsizliyidir.”
Əhməd Şahidov çıxışını belə tamamlayıb: “Ukraynada da, Yaxın Şərqdə də jurnalistlər öldürülür, amma onların səsi susmamalıdır. Həqiqəti qorumaq — sülhü qorumaq deməkdir.”




