“Deepfake təbliğatı insan hüquqları deyil” – Əhməd Şahidov Prezident ailəsinə qarşı aparılan saxta rəqəmsal təbliğatı ATƏT`də tənqid edib


Avstriyanın paytaxtı Vyanada keçirilən ATƏT-in “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” adlı əlavə insan ölçüsü toplantısı davam edir. 11-12 may tarixlərində təşkil olunan mötəbər tədbirə ATƏT-ə üzv 57 ölkədən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Bu gün, 12 may 2026-cı il tarixində keçirilən “Vətəndaş məkanının qorunması üçün rəqəmsal dayanıqlığın gücləndirilməsi” adlı üçüncü panel sessiyasında rəqəmsal təhlükəsizlik, süni intellekt və dezinformasiya məsələləri müzakirə olunub.

Paneldə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, beynəlxalq platformalarda adətən yalnız hökumətlər və rəsmi şəxslər tənqid olunur, lakin insan hüquqlarına hörmət bütün tərəflərdən tələb edilməlidir: “Bizlər – vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, blogerlər və siyasi aktivistlər də insan ləyaqətinə, şəxsi həyata və etik prinsiplərə hörmət etməliyik.”

Əhməd Şahidov çıxışında son dövrlərdə süni intellekt və deepfake texnologiyalarından sui-istifadə hallarının artdığını vurğulayıb. O qeyd edib ki, xaricdə yaşayan bəzi azərbaycanlı blogerlər siyasi tənqidlə kifayətlənməyərək, süni intellekt texnologiyalarından istifadə etməklə saxta fotolar, manipulyasiya olunmuş videolar və təxribat xarakterli materiallar yayırlar. Hüquq müdafiəçisi Əhməd Şahidov xüsusilə xaricdə yaşayan azərbaycanlı bloger Mehman Hüseynovun “Hamam Times” platformasında Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvlərini hədəfə alan deepfake məzmunlar paylaşdığını diqqətə çatdırıb.

Əhməd Şahidov bildirib ki, Prezidentin ailə üzvlərinə qarşı süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərin yayılması nə jurnalistika, nə insan hüquqları fəaliyyəti, nə də ifadə azadlığı hesab oluna bilər: “Siyasi tənqid normaldır. Amma insanların ailəsini, şəxsi həyatını və övladlarını hədəfə alan saxta materiallar rəqəmsal təhqir və manipulyasiyadır. Təəssüf doğuran məqam isə budur ki, bəzi beynəlxalq dairələr bu fəaliyyətlərə susur, hətta belə şəxslər müəyyən donor dəstəyi də alırlar.”

Çıxışının sonunda panel iştirakçılarına sual ünvanlayan Əhməd Şahidov bildirib: “İfadə azadlığı ilə rəqəmsal təhqir arasında qırmızı xətt haradan keçir? Ümumiyyətlə, belə bir sərhəd varmı?” Azərbaycanlı hüquq müdafiəçisi deepfake texnologiyalarına qarşı beynəlxalq hüquqi və etik mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayıb.