Azərbaycan Avropa institutlarının qərəzli mövqeyinə etiraz edir – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Avropa Parlamenti, AŞPA, Avropa Şurası, ATƏT və digər beynəlxalq institutların Azərbaycana münasibətində ikili standartlar məsələsi yenidən gündəmə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında Avropa Parlamentini və bir sıra Avropa institutlarını sərt tənqid edərək, bu qurumların Azərbaycana qarşı mövqeyinə ciddi iradlar bildirib. Prezidentin açıqlamaları fonunda ekspertlər də hesab edirlər ki, son 35 il ərzində Azərbaycanın beynəlxalq təşkilatlardan gözləntiləri ilə həmin qurumların Ermənistan-Azərbaycan münaqişəsi dövründə nümayiş etdirdiyi mövqe arasında ciddi fərqlər olub.

Siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olarkən ərazilərinin işğal altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünün problemi ilə bağlı beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe gözləyirdi. Onun sözlərinə görə, son 30-35 il ərzində Avropa Parlamenti və AŞPA-da Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı aparılan müzakirələr isə bu gözləntiləri doğrultmayıb. Şahidov qeyd edib ki, işğala məruz qalan ölkə ilə işğalçı ölkə arasında bir çox hallarda fərq qoyulmayıb, bəzi məqamlarda isə Ermənistana açıq siyasi dəstək ifadə olunub.

Əhməd Şahidov vurğulayıb ki, 2020-ci ildə Azərbaycanın ərazilərini işğaldan azad etməsindən sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb və hazırda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi davam edir. Buna baxmayaraq, onun fikrincə, bəzi Avropa institutları Azərbaycana münasibətdə əvvəlki yanaşmalarını dəyişməyib. Siyasi şərhçi Ermənistan-Rusiya münasibətlərinə və Ermənistanda yerləşən Rusiya hərbi bazalarının gələcək statusuna da toxunaraq bildirib ki, bu məsələlər regionda formalaşan yeni təhlükəsizlik arxitekturası baxımından xüsusi əhəmiyyət daşıyır.