Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in illik İnsan Hüquqları Konfransı (HDIM 2025) davam edir.
Oktyabrın 6-da start götürən və 17-nə qədər davam edəcək mötəbər tədbirə ATƏT-ə üzv 57 ölkədən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
Bu gün – 10 oktyabr 2025-ci il tarixində keçirilən 5-ci panel sessiya beynəlxalq hüquq, müharibə cinayətlərinə görə məsuliyyət və ədalətin universallığı mövzusuna həsr olunub.
Paneldə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq ədalət prinsiplərinin bütün regionlarda bərabər şəkildə tətbiq olunmasının vacibliyini vurğulayıb.
Əhməd Şahidov bildirib ki, beynəlxalq hüquq yalnız Avropada deyil, dünyanın bütün münaqişə zonalarında eyni prinsiplərlə işləməlidir. Onun sözlərinə görə, müharibə cinayətlərinə münasibət seçici olmamalı, ədalət hər bir halda eyni dərəcədə təmin edilməlidir: “Ukraynada rus raketləri yaşayış evlərini, məktəbləri və xəstəxanaları vurur – və dünya bunu müharibə cinayəti kimi tanıyır. Əgər bu cinayətlər Avropada cəzalandırılırsa, Cənubi Qafqazda da eyni prinsip tətbiq olunmalıdır. Ədalətin sərhədi olmur.”
O, həmçinin qeyd edib ki, Bakıda hazırda məhkəməsi davam edən Ruben Vardanyan, Arayik Arutyunyan, Bako Saakyan və digər şəxslər jurnalist və ya fəal deyil, mülki əhaliyə qarşı cinayətlərdə ittiham olunan şəxslərdir.
Əhməd Şahidov vurğulayıb ki, bu məhkəmə prosesi açıq və şəffaf şəkildə, beynəlxalq hüquq normalarına tam uyğun həyata keçirilir. Onun sözlərinə görə, hər bir təqsirləndirilən şəxs müdafiə hüququndan tam istifadə edir və proseslər ictimaiyyət üçün açıqdır: “Əgər Mariupolun bombardmanına görə rus generalları məsuliyyətə cəlb olunanda bunu ədalət adlandırırıqsa, Gəncənin bombardmanına görə erməni komandirləri mühakimə olunanda da bunu eyni cür – ədalət adlandırmalıyıq. Seçici ədalət – ədalət deyil, siyasətdir.”
Azərbaycanlı hüquq müdafiəçisi çıxışının sonunda Avropa diplomatlarını, hüquq ekspertlərini və beynəlxalq müşahidəçiləri Bakıda keçirilən məhkəmə proseslərini şəxsən izləməyə dəvət edib. O qeyd edib ki, Azərbaycan ədaləti milli kimliyə görə deyil, törədilmiş cinayətlərə görə tətbiq edir və bu, beynəlxalq hüququn əsas prinsipidir.
Panel iştirakçıları çıxış zamanı səsləndirilən fikirləri maraqla qarşılayıblar.




