“Husilərin Bab əl-Məndəb planı İran üçün ciddi geosiyasi risk yaradır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz sahili boyunca irəliləyərək strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı üzərində mövqelərini gücləndirməyə çalışırlar. Husilərin Moha və Dübab istiqamətində irəliləməsi, boğaza yaxın ərazilərdə nəzarəti genişləndirmək cəhdləri beynəlxalq gəmiçilik və qlobal ticarət üçün ciddi risk yaradır. Bab əl-Məndəbin husilərin tam nəzarətinə keçməsi isə Yəmən sərhədlərini aşan daha geniş geosiyasi qarşıdurmaya yol aça bilər.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, husilərin Bab əl-Məndəb üzərində tam nəzarət əldə etməsi İran üçün də ciddi strateji nəticələr doğura bilər. Onun sözlərinə görə, belə bir vəziyyət ABŞ, Səudiyyə Ərəbistanı və digər regional və beynəlxalq aktorları İrana qarşı daha geniş koalisiya çərçivəsində hərəkətə keçməyə vadar edə bilər: “İran bu gün husilərin müstəqil Yəmən aktoru olduğunu deyərək məsuliyyətdən yayınmağa çalışır. Lakin husilər Bab əl-Məndəbi nəzarətə götürərsə, artıq məsələ təkcə Yəmən problemi olmayacaq. Bu, İranın regional təsir imkanlarının genişlənməsi kimi qəbul ediləcək və Tehrana qarşı beynəlxalq təzyiq daha da güclənəcək”.

Əhməd Şahidov hesab edir ki, husilərin Bab əl-Məndəbi ələ keçirməsi ilk baxışda İran üçün strateji üstünlük kimi görünsə də, uzunmüddətli perspektivdə bunun əsas nəticələrindən biri məhz İranın özünün daha geniş beynəlxalq təzyiq qarşısında qalması ola bilər. Siyasi şərhçinin fikrincə, belə bir ssenaridə ABŞ və müttəfiqlərinin hərbi-dəniz qüvvələrinin bölgədə artırılması, Səudiyyə Ərəbistanının daha fəal mövqe tutması və İrana qarşı yeni siyasi-hərbi koalisiyanın formalaşması ehtimalı yüksələcək. “Husilərin əldə etdiyi üstünlük sonda Tehranın başında çatlaya bilər. İran üçün əsas risk odur ki, husilərin Bab əl-Məndəbdə yaratdığı böhran onun özünə qarşı daha böyük beynəlxalq koalisiyanı hərəkətə gətirsin”, – deyə Əhməd Şahidov vurğulayıb.