ABŞ-ın silah ehtiyatları tükənirmi? – Əhməd Şahidov Vaşinqtondan şərh edib


Son günlər ABŞ-ın strateji silah ehtiyatlarının vəziyyəti həm Amerika, həm də beynəlxalq mediada ən çox müzakirə olunan mövzulardan biridir. Reuters, Bloomberg və The Washington Post kimi aparıcı media qurumlarında dərc olunan materiallarda xüsusilə Patriot hava hücumundan müdafiə sistemləri və digər yüksək texnologiyalı silahlarla bağlı ehtiyatların vəziyyəti müzakirə olunur. Bu debatlar fonunda ABŞ-ın həm Ukraynaya hərbi dəstəyi, həm də digər bölgələrdə artan təhlükəsizlik öhdəliklərini necə balanslaşdıracağı diqqət mərkəzindədir.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidovun sözlərinə görə, ABŞ-ın silah ehtiyatlarının tükənməsi ilə bağlı iddialar reallığı tam əks etdirmir. O bildirib ki, Amerika dünyanın ən böyük hərbi istehsal gücünə malik dövlətdir və söhbət silah çatışmazlığından deyil, strateji ehtiyatların daha planlı idarə olunmasından gedir. Əhməd Şahidovun fikrincə, Vaşinqton eyni vaxtda Ukrayna, Yaxın Şərq və Hind-Sakit okean regionunda mövcud təhlükəsizlik risklərini nəzərə alaraq, xüsusilə Patriot kimi strateji sistemlərdən daha ehtiyatlı istifadə etməyə çalışır.

Əhməd Şahidov hesab edir ki, ABŞ-ın bəzi silah sistemlərinin tədarükündə müşahidə olunan dəyişikliklər Vaşinqtonun hərbi imkanlarının zəifləməsi anlamına gəlmir. Əksinə, bu, Amerikanın qlobal təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, ABŞ üçün əsas prioritet həm müttəfiqlərə dəstəyi davam etdirmək, həm də öz hərbi hazırlığını və strateji ehtiyatlarını uzunmüddətli perspektivdə qoruyub saxlamaqdır.