“Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı əməkdaşlıq etməlidir” – Əhməd Şahidov Vaşinqtondan ARB24 Televiziaysına danışıb


30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar olaraq, Azərbaycan ötən münaqişələr nəticəsində itkin düşmüş və əsir götürülmüş vətəndaşlarının taleyinin müəyyənləşdirilməsi məsələsini gündəmdə saxlayır. Birinci Qarabağ müharibəsindən bu günədək 4 mindən çox azərbaycanlının itkin düşməsi ölkəmizin üzləşdiyi ən ağır humanitar fəsadlardan biri olaraq qalır. Azərbaycan bu məsələni uzun illərdir beynəlxalq təşkilatların diqqətinə çatdırsa da, təəssüf ki, beynəlxalq qurumların və insan hüquqları təşkilatlarının məsələyə münasibəti yetərincə fəal olmayıb.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 televiziyasına müsahibəsində bildirib ki, son 30 il ərzində itkin azərbaycanlıların taleyi məsələsi beynəlxalq təşkilatlarda dəfələrlə qaldırılıb. Azərbaycan tərəfi Ermənistan ərazisinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi və məsələnin yerində araşdırılması ilə bağlı dəfələrlə çağırışlar etsə də, nə beynəlxalq təşkilatlar, nə də Ermənistan bu istiqamətdə lazımi maraq göstərib. Əhməd Şahidovun sözlərinə görə, II Qarabağ müharibəsinin başa çatmasından altı ilə yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycan azad edilmiş ərazilərdə apardığı qazıntılar zamanı 32 kütləvi məzarlıq aşkarlayıb və yüzlərlə itkin şəxsin qalıqları müəyyən edilərək ailələrinə təhvil verilib.

Əhməd Şahidov qeyd edib ki, bu istiqamətdə axtarış və araşdırma işləri hazırda da davam etdirilir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh prosesinin yekunlaşmaq üzrə olduğu və sülh müqaviləsinin imzalanmasının gözlənildiyi bir vaxtda münaqişənin humanitar fəsadlarının aradan qaldırılması da xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, Azərbaycan bundan sonra da həm beynəlxalq təşkilatlara, həm də Ermənistan tərəfinə çağırışlarını davam etdirəcək və Ermənistanın sülh prosesi çərçivəsində itkin düşmüş azərbaycanlıların taleyinin və dəfn yerlərinin müəyyənləşdirilməsi məsələsində səmimi əməkdaşlıq edəcəyinə ümid edir.