Azərbaycan və Qətər insan haqları təşkilatları birgə fəaliyyət barədə saziş imzalayıblar

28-30 Aprel tarixlərində Azərbaycanda işgüzar səfərdə olan Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl Attiyahın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələr müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Aprelin 30-da Qətər Milli İnsan Hüquqları Komitəsi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu arasında geniş tərkibdə görüş baş tutub. Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq məsələləri müzakirə olunub və birgə fəaliyyət istiqamətləri barədə razılıq əldə edilib.

Qeyd olunub ki, Qətər Milli İnsan Hüquqları Komitəsi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu arasında 10 illik əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər arasında bir-neçə il bundan öncə Doha şəhərində əməkdaşlıq barədə memorandum imzalanmışdı. Ötən dövr ərzində dünyada baş verən proseslər və yaranmış yeni reallıqlar fonunda bu əməkdaşlıq sazişini yeniləmək zərurəti yaranıb.

Bu məqsədlə Qətər Milli İnsan Hüquqları Komitəsi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu arasında geniş tərkibdə baş tutan görüşdə iki təşkilat arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Əməkdaşlıq barədə sazişi Qətər Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl Attiyah və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov imzalayıblar.