Əhməd Şahidov ABŞ–İran böhranının yeni mərhələsini dəyərləndirib – Vaşinqtondan şərh

ABŞ-ın paytaxtı Vaşinqtonda olan siyasi şərhçi və hüquq müdafiəçisi Əhməd Şahidov ABŞ–İran qarşıdurmasının hazırkı mərhələsini şərh edib. O, çıxışında Donald Trump administrasiyasının hərbi strategiyasında müşahidə olunan dəyişiklikləri, mümkün ABŞ–İran danışıqlarının perspektivlərini, İran rəhbərliyinin mövqeyini, Hörmüz boğazı ətrafındakı vəziyyəti və Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallığı təhlil edib.

Əhməd Şahidov qeyd edib ki, İran daxilində vahid mövqe mövcud deyil. Onun sözlərinə görə, İran rəhbərliyi iqtisadi təzyiqlərin azaldılması istiqamətində diplomatik imkanları nəzərdən keçirsə də, SEPAH daha sərt xətti müdafiə edir. Eyni zamanda İsrail hərbi təzyiqin davam etdirilməsinin tərəfdarı olduğu halda, Körfəz ölkələri regionda yeni genişmiqyaslı müharibənin qarşısının alınmasına üstünlük verir. Əhməd Şahidov hesab edir ki, bu fərqli yanaşmalar yaxın dövrdə ABŞ–İran danışıqlarının taleyinə birbaşa təsir göstərəcək.

Əhməd Şahidov çıxışında münaqişənin hərbi və iqtisadi nəticələrinə də diqqət çəkib. O bildirib ki, müxtəlif mənbələrin məlumatlarına görə, ABŞ indiyədək təxminən 15 hərbçisini itirib, 500-dən çox hərbçisi yaralanıb və hərbi əməliyyatlara on milyardlarla dollar vəsait xərcləyib. İran tərəfinin itkilərinin isə daha ağır olduğu qeyd olunur. Analitikin qənaətinə görə, hazırkı mərhələdə əsas sual tərəflərin diplomatik razılaşmaya nail olub-olmayacağıdır. Əks halda, Yaxın Şərqdə hərbi əməliyyatların yenidən genişlənməsi ehtimalı yüksək olaraq qalacaq.