Rusiya-Ukrayna müharibəsində döyüşlər daha da intensiv xarakter alarkən, son günlər Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket və pilotsuz uçuş aparatları zərbələri hava hücumundan müdafiə sistemlərinin imkanlarını ciddi şəkildə sınağa çəkib. Bunun fonunda Avropada mümkün atəşkəs perspektivləri ilə bağlı diplomatik təmaslar da diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, həm döyüş meydanındakı vəziyyət, həm də Qərbin hərbi dəstəyində müşahidə olunan dəyişikliklər münaqişənin gələcək gedişinə birbaşa təsir göstərə bilər.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq ABŞ üçün əvvəlki qədər prioritet hesab edilmir. Onun sözlərinə görə, Vaşinqton əvvəlki illərdə olduğu kimi birbaşa Ukraynaya silah göndərmək əvəzinə, həmin silahları Avropa ölkələrinə satır və Avropa dövlətləri aldıqları silahları sonradan Kiyevə ötürürlər. Əhməd Şahidov qeyd edib ki, son Rusiya raket hücumları Ukraynanın hava hücumundan müdafiəsində ciddi boşluqlar yaradıb və ABŞ istehsalı olan Patriot sistemlərinin ehtiyatı tükənmək üzrə olduğundan bu komplekslər əvvəlki həcmdə Ukraynaya çatdırılmır. O vurğulayıb ki, ABŞ Yaxın Şərqdə, xüsusilə İranla qarşıdurma fonunda həmin sistemlərdən istifadə edir və milli təhlükəsizliyi, eləcə də müttəfiqlərinin müdafiəsi baxımından mövcud ehtiyatlarını qorumağa üstünlük verir.
Əhməd Şahidovun fikrincə, Vyanada keçirilən qeyri-rəsmi təmasların əsas məqsədi mümkün atəşkəsin əldə olunması, sülh perspektivlərinin, təhlükəsizlik zəmanətlərinin və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların gələcək taleyinin müzakirəsidir. O istisna etməyib ki, danışıqlarda Avropanın qarşıdan gələn qış mövsümü ərəfəsində Rusiya qazı ilə təminatı məsələsi də gündəmə gətirilə bilər. Siyasi şərhçi hesab edir ki, bu diplomatik cəhdlər nəticəsiz qalacağı təqdirdə müharibə daha da şiddətlənəcək və ABŞ istehsalı olan Patriot sistemlərinin əvvəlki həcmdə Ukraynaya verilməməsi fonunda bu proses Ukrayna üçün daha ağır hərbi nəticələr doğura bilər.




